Kaxa "Qəbələ"ni xilas edə bilərmi?

  • Bu gün, 15:42

Kaxaber Tsxadadzenin "Qəbələ"ni qurtarıb-qurtarmayacağı bəlli deyil. Amma istənilən halda, uğursuz gedişatda ilk dəyişiklik baş məşçqi postunda olur. Elmar Baxşiyevin "qırmızı-qaralar"ı xilas edə bilmədiyi aydın görünürdü. Rəhbərlik bir müddət təcrübəli mütəxəssisə güvənsə də, sonunda Baxşıyevlə yollar ayrıldı və "Qəbələ"də yeni dönəm başladı.

Premyer Liqanın sonuncusu "Kəpəz"lə yaranan 8 xallıq fərqi qapadacağına ümidlidir. Ən azından özləri belə deyir. Baxşıyev həmişə əlindəki heyətin bu mövqeyə layiq olmadığını bildirib. Elə Tsxadadze özü də komandanı gördükdən sonra təklifi qəbul etdiyini açıqladı. Deməli, oyunlardan sonra mümkün uğursuzluqda "heyət səviyyəsi", "psixoloji durum", "8 xallıq fərq" bəhanəsi olmayacaq. Olmamalıdır da! Çünki gürcüstanlı məşqçi hansı vəziyyətdə komanda aldığının fərqindədir.


İllər öncə Azərbaycan futbolunda çalışmış bir mütəxəssis həqiqətən də "Qəbələ"nin hazırkı məqamda axtardığı məşqçidirmi? Sualın cavabı yaxın gələcəkdə bəlli olacaq. Hər halda, Azərbaycan futbolu "İnter"in yaşadığı dönəmlə müqayisədə çox dəyişib. Elə "Qəbələ" də. Görəsən, Tsxadadze də dəyişibmi?

Həsrət


Paylaş: