"Kəpəz"in özünü ifşası - VİDEOFAKT

  • Bu gün, 17:11

“Kəpəz”in son oyunda “Neftçi” önünə əliyalın çıxarılması, dolayısı ilə komandanın lideri Ryonosuke Ohirinin oynadılmaması gəncəli azarkeşlər tərəfindən qəzəblə qarşılanıb.

Sportlife.az-ın məsələni ictimailəşdirməsindən sonra həqiqətlər üzə çıxıb.

“Kəpəz”dən xəbəri olmayan İdarə Heyətinin sədri, DTX tərəfindən həbs olunan Adnan Əhmədzadənin yaxın adamı Adil Vəliyev tərəfindən taleyin ümüdinə buraxılan klubda daşlar yerində deyil. Elə bundan istifadə edən müşavir Fərman Əlizadə “Neftçi”dən icarəyə götürülən yaponiyalının müqaviləsində oynatmamaq barədə bənd olmaya-olmaya meydana çıxmasına icazə verməyib. Bununla rəqibin rəhbərliyində yer alan Kamil Məmmədova – dostuna dərin jest edib. Paytaxta göndərilən “Gəncə səbəti”ndən sonra Ohorinin də klublararası bağlantıda “alət” olması “Kəpəz”in yavaş-yavaş “Neftçi”nin farmklubuna çevrilməsi deməkdi. Təbii ki, bunlar klub rəhbərliyinin yürütdüyü siyasət, dəyişikliklərdir. Özləri və azarkeşləri bilər. 

Media üçün işin ən maraqlı tərəfi Gəncə klubunun rəhbərliyinin Ohorinin oynamamasına don geyindirməsidir. Kiçik araşdırma apardıq, müxtəlif kanallar vasitəsilə informasiya topladıq. İlk yazılarımızda da vurğuladımız kimi yarımmüdafəçinin səhhətində ciddi bir şeyin olmadığını üzə çıxardıq. O, həftə ərzində məşq edib, “Neftçi” ilə matça hazırlaşıb. Futbolçunun özünə “xüsusi bənd var, oynaya bilməzsən” yönündə söyləntinin olduğunu da öyrəndik. Dediklərimizi – Ryonosukenin sağlam olmasını elə “Kəpəz” tərəfi də bilmədən isbatladı. Klubun “Neftçi” ilə oyun öncəsi sosial şəbəkələrdə paylaşdığı videoda futbolçunun necə həvəslə məşq etməsini böyük planda görmək mümkündür. Gözündə nə sarğı var, nə də ki, eynək. Ohorinin yer aldığı kadrdan öncə Fərman Əlizadə də görünür. Demək ki, Fərman bəy oyunçunun sabiq klubuna qarşı necə həvəslə məşq etdiyini, matça xüsusi hazırlaşdığını görərək oynamamaq əmrini verib. Və bu, cari çempionatda ikinci dəfə təkrarlanıb. Axı futbolçu klublar arasında noyabrdakı görüşü də buraxıb.

Mediada çıxan yazılardan sonra ictimaiyyətin diqqətini başqa səmtə yönəltməyə çalışan “Kəpəz” tərəfi “Neftçi” ilə oyundakı hakim səhvlərini qabartmağa çalışıb. Matçdan 4 gün sonrakı həmlə təbii ki, uğursuz olub. Əlizadə Ohori mövzusunu pərdələməyə çalışaraq özü də bilmədən böyük qardaş adlandırdığı Kamil Məmmədovun klubuna ilişib. “Neftçi”nin hakimlərin hesabına qələbə qazandığına eyham vurub.

Sonda bir məsələni də qeyd etmək istərdik. “Kəpəz” kimi “Qəbələ” də “Neftçi”dən icarəyə futbolçu götürüb. Rza Cəfərov yetişdiyi kluba qarşı meydana çıxaraq yeni komandasının qapısını qoruyub, həm də debüt edib. Belə çıxır ki, “Cəfərov bizə qarşı oyunlarda forma geyinə bilməz” kimi əvvəlcədən razılaşma olmayıb. Eynən Ohirinin vəziyyətində olduğu kimi...

Xəzər

View this post on Instagram


Paylaş: