AFFA-PFL ziddiyyəti
Azərbaycan futbolunda məsuliyyət məsələsi yenə müzakirə mövzusuna çevrilib. Bu dəfə səbəb AFFA rəsmisinin açıqlaması və yaranan suallardır.
Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Murad Axundov Qurban Qurbanovun “İmişli” ilə oyundan sonra səsləndirdiyi fikirlərlə bağlı futbolinfo.az-a verdiyi açıqlamada bütün məsuliyyəti Peşəkar Futbol Liqasının üzərinə yönəldib.
O, bildirib ki, Quba Olimpiya Kompleksi “İmişli” tərəfindən sifariş olunub, PFL stadionu yoxlayaraq müsbət rəy verib və nəticədə klub Premyer Liqaya lisenziya alıb.
AFFA PFL-i özündən ayrı qurum hesab edir? Premyer Liqada klub sayını artıran, formatı müəyyənləşdirən və son qərarı təsdiqləyən AFFA İcraiyyə Komitəsi deyilmi? Tarix də göstərir ki, bu qərarlar qəbul edilərkən PFL-in fikirləri nəzərə alınmayıb. Əgər əksi olsaydı, həmin iclasda PFL nümayəndələrinin iştirakı təmin olunardı.
Qərarı verən AFFA, məsuliyyəti daşıyan PFL? Bu, məsuliyyətdən yayınmadır. Açıq ziddiyyətdir!
Reallıq hamıya məlumdur. Ölkədə Premyer Liqa səviyyəsinə cavab verən 12 stadion yoxdur. Bu fakt İcraiyyə Komitəsinin üzvlərinə məlum idimi?
Açıqlamada başqa maraqlı detal da var. Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov bildirib ki, “İmişli” Premyer Liqaya yüksələcəyi halda Quba və Şamaxını yox, məhz İmişli şəhər stadionunu sifariş edib. Görünür bu informasiyadan Murad Axundovun xəbəri olmayıb. Bu da bir nöqsandır...
Mirələm HƏSƏNLİ