Səhv düşəndə yerimiz və ya “Kəpəz”in sistematik səhvləri
Qabilin “Səhv düşəndə yerimiz” adlı şeiri sanki “Kəpəz”in hazırkı vəziyyəti üçün yazılıb. Başını itirən klub rəhbərliyi nəyi necə edəcəyini bilmir. Əslində “işləri planlama” kimi bir yanaşma var ki, gündəlik həyatımızda istərsə insanlar, istərsə də qurumlar buna uyğun hərəkət edirlər. “Kəpəz” məhz bundan, həyata kecirəcəyi işləri planlamamaqdan əziyyət çəkir. Özünüz baxın... Dünən gecədən başlayaraq ölkəmizdə 20-ci əsrin faciəsi hesab olunan Xocalı soyqırımı ilə bağlı paylaşımlar edilir. Faciəyə həsr olunan müxtəlif tədbirlərdən xəbərlər verilir.
“Kəpəz” isə nə edir? Klubun bazasında hazırkı rəhbərliyin xeyir-duası ilə “Kəpəz” Futbol Veteranları İctimai Birliyinə alternativ qurum olaraq yaradılan “Gəncənin futbol əfsanələri” şurası sıradan bir tədbir keçirir. Yaxşı olardı ki, bu tədbir elə Xocalı faciəsinə həsr olunardı. Tədbirdən öncə isə klub rəhbərliyi, əsas komandanın heyəti, akademiyanın üzvləri soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək üçün ucadılan abidəni ziyarət edərdilər. Abidə önünə tər qərənfillər düzüb, şəhidlərin ruhuna dualar oxuyardılar. Bu gün də klubun sosial şəbəkələrindəki səhifələrini bu tədbirdən fotolar bəzəyərdi. İndi isə nə görürük? Xalq olaraq Xocalı soyqırımını yad edib, ehtiram göstərib faciəyə ağlayırıq. “Kəpəz” isə veteranlar üçün sıradan tədbir keçirir. Və bunu 26 fevral günündə bəh-bəhlə tirajlayır.
Gəncə klubu ilk dəfə deyil ki, bu cür analoqsuz addımı ilə seçilir. Ramazan ayının başlaması ilə bağlı hamının bir gün öncədən paylaşdığı posteri “Kəpəz” tərəfi ilk günün iftarından 2-3 saat sonra verdi. Güman ki, bu, klubun SMM-ni Londondan idarə edən Pərvin Qasımovanın yanaşmasıdı.
Xəzər