Boş katib

  • Bu gün, 13:22

Dünən tanıdığım yaşlı futbol azarkeşlərindən biri mənə sual verdi. AFFA İcraiyyə Komitəsinin son iclası necə keçib? Orda nə danışıblar? Açığı, cavab verməkdə çətinlik çəkdim.

 Dedim ki, bir yenilik yoxdur, yenə eyni ssenari: gündəlik var, qərarlar var, amma məzmun yoxdur. Cəmiyyətə təqdim olunan rəsmi məlumatlar isə “məlumat verilib, bildirilib, təsdiq edilib” tipli formal cümlələrdən ibarətdir. Halbuki futbol ictimaiyyəti formal cümlələr yox, konkretlik gözləyir.

AFFA açıqlayıb ki, baş katib Cahangir Fərəcullayev Əvəzedicilər Liqasının 2026/2027 mövsümü üçün statusu ilə bağlı geniş məlumat verib. "Status" və “geniş məlumat” ifadələri xüsusilə diqqət çəkir. Hansı status? Nə dəyişəcək? Format yenilənəcəkmi? Geniş məlumat niyə ictimaiyyətə dar formada çatdırılır? Bu sualların heç birinə cavab yoxdur.

Eyni qeyri-müəyyənlik hakimlərlə bağlı qərarda da təkrarlanıb. Bildirilib ki, Premyer Liqa hakimləri üçün yeni bonus sistemi təqdim olunub və təsdiqlənib. Amma sistemin mahiyyəti açıqlanmır. Bu sistem konkret olaraq nədən ibarətdir? Qiymətləndirmə meyarları nədir? Bonus hansı performansa görə veriləcək? Hakim səhvlərinin azaldılması üçün hansı mexanizm nəzərdə tutulur? Futbol ictimaiyyəti bunu bilmədən “keyfiyyət artacaq” cümləsinə necə inansın?

Problem təkcə məlumatın azlığında deyil. Problem yanaşmadadır. Müasir futbol idarəçiliyində şəffaflıq etibarın əsas şərtidir. İclaslar mediaya açıq olmasa belə, qərarların detallı izahı ictimaiyyətə təqdim olunmalıdır. Ən azı baş katib mətbuat qarşısına çıxıb izahat verməlidir. Bu, vəzifənin tərkib hissəsidir.

Amma görünən odur ki, AFFA-da “baş katib” anlayışı funksional vəzifədən çox tituldur. Baş katib – yəni idarəetmənin mərkəzi fiquru. Strategiyanın izahçısı. Qərarların daşıyıcısı. Kommunikasiyanın rəhbəri. Əgər bunlar yoxdursa, titulun əvvəlindəki “baş” sözünün mənası itir. O zaman ictimaiyyətin dilində qaçılmaz söz oyunu yaranır: baş katib yox, boş katib...

Bu, sadəcə ritorika deyil, idarəetmə böhranının göstəricisidir. Çünki informasiya boşluğu olanda etimad boşalır, etimad boşalanda isə sistem boş görünür. Futbolun inkişafı kağız üzərində yazılan “geniş məlumatlar”la yox, ictimaiyyətə açıq və izah olunan qərarlarla mümkündür.

Futbolu irəli aparmalı olan struktur özü kommunikasiya baxımından geridə qalırsa, bu sahədə inkişafı kim başladacaq? Baş katib? Yoxsa yenə boş katib?...

Mirələm HƏSƏNLİ 


Paylaş: