Füzuli Məmmədov: "Bizimçün hər xal vacibdir"
Azərbaycan Premyer Liqasının XXII turunun “Qəbələ” – “Karvan-Yevlax” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– Çətin oyun oldu. Ciddi hazırlaşmışdıq, qalib gəlmək istəyirdik. Meydança bir az sürüşkən idi deyə çətinlik yaşadıq. Futbolçular meydanda yaxşı vuruşdular. Bizimçün istənilən xal vacibdir. Qalib gələ, hətta uduza da bilərdik. Hər 2 komandaya qarşıdakı matçda uğurlar arzulayıram.
– “Karvan-Yevlax” ən yaxın izləyicisi “Qəbələ”yə uduzmasa da, arada 9 xallıq fərq var. Sizcə, bunun səbəbi nədir?
– Səbəbi zəif oyunlarımızdır, qələbə qazanmamışıq. Mən gələndən sonra bəzi matçlarda yaxşı oynasaq da, məğlub olmuş, müdafiədə səhvlər buraxmışıq. İnanın ki, səhvləri aradan qaldırmaq üçün çox çalışırıq. Rəqibi təhlil edirik. Qarşıda matçlar var, çempionat bitməyib. Sona qədər mübarizə aparacağıq.
– Futbolçularınız çox vaxt aparırdı. Tapşırığı siz vermişdiniz?
– Xeyr. İnanmıram hansısa məşqçi futbolçusuna "yerdə uzan, vaxt apar" tapşırığını versin. Elə şey yox idi. Futbolçudur, hansısa epizodda güc sərf edir deyə, bərpa olmaq üçün belə şeylər edir.