İliç: "Erkən qollar komandanın oyununu sındırdı"
"Sumqayıt" Azərbaycan Premyer Liqasının XXII turunda Yevlaxda "Kəpəz"ə 0:3 hesabı ilə məğlub olub.
Sportlife.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Saşa İliç matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- "Kəpəz"i qələbə münasibətilə təbrik edirəm. Fikrimcə, bura gəldiyim vaxtdan bu yana ən pis 1-ci hissə oynadıq. İnana bilmirəm ki, bu cür asan qollar buraxdıq. 2-ci hissəyə bir az yaxşı başladıq. Amma Ninkoviçin meydanı tərk etməsi oyuna təsirini göstərdi.
- Getməyin vaxtı çatıb, yoxsa vəziyyəti düzəldə biləcəksiniz? Son 8 matçda cəmi 1 qələbə qazanmısınız...
- Daha yaxşı oynamağa çalışacağıq. Ramalinqomun 1 oyunluq cəzası qalıb. Bizi kubok matçı da gözləyir. Mövcud oyunçularla davam edəcəyik.
- Yankoviçin start heyətindən kənarda qalması nə ilə əlaqədardır? Onun da start heyətində meydana çıxmaması öz təsirini göstərdi?
- Yankoviçin hərarəti yüksək idi. 2 məşqdə iştirak etməmişdi.
- Ninkoviç kimi təcrübəli oyunçu sarı vərəqəsi ola-ola necə 2- sarı vərəqəni ala bilir? Buna necə şərh verərdiniz?
- Fasilədə ona bildirmişdim ki, ehtiyatlı oynasın. Amma düzü, 2-ci sarı vərəqə aldığı epizodda o qədər də kobud oynadığını düşünmürəm. Baş hakim bu qərarı verdi, hörmətlə yanaşırıq.
- Qələbə qazanmaq üçün xarakter lazımdır, futbolçularda isə xarakter çatışmır. 8 matçda cəmi 1 qələbə qazanmısınız, futbolçular yersiz vərəqələr alır, asan qollar buraxırsınız. Amma siz çox sakitsiniz, futbolçuları çox rahat müdafiə edirsiniz, sanki hər şey qaydasındadır. Düşünmürsünüz ki, bu, doğu yol deyil və futbolçulara öz xarakterinizi göstərməlisiniz?
- Deməzdim ki, mən rahatam. Təbii ki, bununla bağlı müəyyən işlər görülür. İlk 20 dəqiqədə buraxılan qollar komandanın oyununu sındırdı.