Prezident Maqsud – Absurd!
Dünəndən “Qəbələ”nin “Sabah”ın qapısına vurduğu, sayılmayan qol müzakirə olunur. Sosial şəbəkələrdə və azarkeş çevrələrində formalaşan ümumi rəy belədir: “Sabah”ı dartırlar!
Bu şübhələrin yaranması təsadüfi deyil. Klubun prezidenti Maqsud Adıgözəlov eyni zamanda AFFA İcraiyyə Komitəsinin üzvüdür və vacib qərarlara təsir imkanları olan əsas fiqurlardan sayılır. Digər tərəfdən, “Sabah”a qeyri-rəsmi nəzarət etdiyi deyilən Balakişi Qasımov da AFFA-nın vitse-prezidentidir. Belə konfiqurasiyada digər klubların azarkeşlərini və futbol ictimaiyyətini hansı arqumentlə inandırmaq olar ki, “Sabah”a xüsusi simpatiya yoxdur?
Məsələ bununla da bitmir. Federasiyaya yaxın mənbələrin iddiasına görə, Rəhim Həsənovun Hakimlər Komitəsinin sədri postuna namizədliyini irəli sürən və seçilməsində əsas rol oynayan da məhz Maqsud Adıgözəlov olub. Ortaya çıxan mənzərə həqiqətən absurd!
Futbol cameəsi artıq bu məlumatlardan xəbərdardır. Belə olan halda klublar hakimlərin obyektivliyinə necə inansın?
“Sabah”ın kiminsə köməyinə ehtiyacı varmı? Qətiyyən yox. Komanda kifayət qədər potensiala malikdir və çempionluğa namizəddir. Amma futbol təbiiliyini itirsə, zərbə təkcə rəqiblərə yox, elə “Sabah”ın öz imicinə də dəyəcək.
Ən doğru addım çempionatı öz məcrasında davam etdirməkdir. Əks halda bu gedişat Azərbaycan futbolu üçün yaxşı heç nə vəd etmir.
Mirələm HƏSƏNLİ