Rəşad Sadıqovun qələbə şərhi

  • Bu gün, 20:49

"Zirə" Azərbaycan Premyer Liqasının 22-ci turunda səfərdə "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qalib gəlib.

Sportlife.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Olduqca vacib qələbə qazandıq. Futbolçularıma göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. İki eyni səviyyədə olan komanda qarşılaşdı. İkisi də avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Vacib olan sona qədər intizamı qoruyub-saxlamaq və qələbə qazanmaq idi. Şükürlər olsun ki, qalib gəldik. Qarşıda bizi "Sumqayıt"la vacib kubok oyunu gözləyir. Bütün diqqətimizi həmin matça yönəltməliyik. Bundan sonra çempionatın 3-cü dövrəsinin hazırlıqlarına başlayacağıq.

- "Sumqayıt" son zamanlar "qara zolaq"dadır. Demək olar ki, avrokuboklara vəsiqə uğrunda mübarizə apardığınız rəqiblərdən biri sıradan çıxır?

- Qətiyyən bu fikirlə razı deyiləm. "Kəpəz"lə oyuna baxırdım. "Sumqayıt" qırmızı vərəqəyə qədər yaxşı oynayırdı. Sadəcə olaraq, "Kəpəz" əks-hücumlarda təhlükəli oldu və əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi. "Sumqayıt"ın baş məşqçisi xeyli rotasiya etdi. Rəqibi 3 gün sonrakı matçda yorğun gözləmirik. Çempionat elə gedir ki, hər oyunda xal və ya xallar uğrunda mübarizə aparmalıyıq ki, sonda istədiyimiz nəticəyə çata bilək.

- "Sumqayıt" çempionatdakı xal itkilərindən sonra diqqəti kuboka yönəldəcək. Bu amil "Zirə"nin işini çətinləşdirməyəcək?

- Biz də başa düşürük ki, kubokda daha istəkli olacaqlar. Mənə elə gəlir ki, qırmızı vərəqədən sonra edilən dəyişikliklərdə "Sumqayıt"ın baş məşqçisi kubok matçını düşünürdü. Yəqin ki, mən də onun yerində olsaydım, eyni şeyi edərdim. Biz bu gün çox güc sərf etdik. Ona görə də tez bir zamanda bərpa olmalıyıq.


Paylaş: