Ayxan Abbasov: "Təəssüf ki, PFL mənə cavab verdi":
Azərbaycan Premyer Liqasının XXII turunun “Şamaxı” – “Neftçi” oyunundan (2:2) sonra meydan sahibi komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları deyib.
– Azarkeşlər üçün maraqlı oyun oldu. “Neftçi” kimi komandadan xal almaq yaxşıdır. Rəqib yaxşı formadadır. Məncə,1 xala layiq idik. Bəzi anlarda biz, bəzi anlarda onlar üstün oldu.
– Vensan Abubakarın ilk qolunun müdafiənin səhvi olduğunu düşünürsünüz?
– Hücumda olanda top itirdik və rəqib əks-hücumda bizi yaxaladı. Futbolçular da çox yorulmuşdu. Son ayda 4 gündən bir oyundayıq. Demək olar, eyni heyət oynayır. Ən böyük problem o oldu ki, hücuma çıxanda topu itirdik.
– Qarşıda “Qarabağ”la kubok oyunu var. Bu matç həmin görüşə necə təsir edəcək?
– Çətin olacaq. Futbolçularıma inanıram. Belə sıx qrafikdə oynamağa öyrəşməliyik. Bütün dünyada belə hal var. Süni örtüklü meydançada məşq edir, futbol oynayırıq. Buna görə bərpa məsələsi çətindir. İtirəcəyimiz nəsə yoxdur, qazana bilərik. Buna görə mübarizə aparacağıq.
– Qubada “İmişli” ilə oyunda qapıların hündürlüyü ilə bağlı fikir bildirmişdiniz. Lakin PFL açıqlama verdi və bir növ sizi qınadı…
– Təəssüf edirəm ki, PFL mənə cavab verdi. Məndən əvvəl o meydançada oynayan məşqçilər sərt açıqlamalar vermişdilər, amma PFL-dən reaksiya gəlməmişdi. Səhv etmirəmsə, deyirlər ki, danışığım etik olmayıb. Bu etika məsələsini tapa bilmədim. Bilmədim etik olmayan nədir. Həmin matçda top 2 dəfə qapı dirəyinə dəydi. Qapıçı ilə danışdım, dedi qapını hiss edirdim. 2-ci hissədə 12 sm torpaq töküb, problemi aradan qaldırırlarsa, hara gedirik? Məsələn, Bəhlul Mustafazadə o arenada zədələndi. Çox arqumentlər var. Meydançamızı təmizləməyə minnət edirlər. PFL nə vaxt gəlib meydança təmizləyib? Reqlament var. Bu gün olmayacaqdı, sabah olacaqdı. Biz nə demişik? “İmişli” ilə səfərdə oynayan bütün komandalar qapıyla bağlı etirazlarını bildiriblər. Mən öz komandamdan da danışıram, meydançanın örtüyü dəyişməlidir, işıqlandırma olmalıdır. Biz nəyəsə don geyindirmirik. PFL-dən xahiş edirəm, desinlər, etikanı harada pozmuşam? Bəs, məndən əvvəl danışan məşqçilərin cavabını niyə vermədilər?