İran DÇ-dan çəkilə bilər

  • Bu gün, 15:23

İran Futbol Federasiyasının prezidenti Mehdi Taç ölkəsinin 2026-cı il dünya çempionatında iştirakının sual altında olduğunu açıqlayıb.

Sportlife.az xəbər verir ki, İran dövlət televiziyasına danışan federasiya rəhbəri bildirib ki, İsrail və ABŞ ilə davam edən hərbi qarşıdurma fonunda mundiala qatılmaq real görünmür:

“Bu gün baş verənlər və Amerika Birləşmiş Ştatlarının hücumu fonunda Dünya çempionatına ümidlə baxmağımız çətin görünür. Lakin bu məsələdə qərarı verəcək olanlar idman rəhbərləridir”.

Taç həmçinin İranda liqaların ikinci bir açıqlamaya qədər dayandırıldığını da qeyd edib.

İran millisi 2026-cı il dünya çempionatına vəsiqə qazanıb. G qrupunda yer alan komanda oyunlarını ABŞ-da keçirməlidir. İran yığması 15 iyunda Yeni Zelandiya, 21 iyunda Belçika ilə Los-Ancelesdə, 26 iyunda isə Sietldə Misirlə qarşılaşacaq.

İran və ABŞ komandaları qruplardan çıxacaqları təqdirdə 1/16 final mərhələsində üz-üzə gəlmək ehtimalı da var.

2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçiriləcək. Turnir ilk dəfə 48 komandanın iştirakı ilə təşkil olunacaq və 39 gün davam edəcək.


Paylaş: