"Sabah"ın aydınlığa çıxmaq perspektivi

  • 7 Mart 2024, 12:20

"Sabah"da Murad Musayevin ayrılışının ardından gözlənilən təyinat nəhayət gerçəkləşdi. Komanda xorvatiyalı mütəxəssis Krunoslav Renduliçə tapşırıldı. "Bayquşlar" hazırda 34 xalla 6-cı pillədədir. Xorvatiyalı açıqlamasında ikincilik üçün mübarizə aparacaqlarını, hədəflərinin bu olduğunu bildirdi.

Turnir cədvəlində komandaların bir-birinə yaxın xallarda olması qarşıya qoyulan hədəfi mümkünsüz etmir. Burada əsas məqam yeni baş məşqçinin qısa vaxtda komandaya, Premyer Liqaya uyğunlaşmasıdır. Mövsümün sonuna doğru çempionatın daha da çətinləşəcəyi və rəqiblərin artıq oturuşmuş bir oyun planına sahib olduğunu nəzərə alsaq, təcrübəli mütəxəssisin vaxtının az olduğunu görərik. 

Renduliç qısa vaxtda "Sabah"ı necə toparlayacığının yollarını axtaracaq. Əgər o, mövsümün əvvəlindən komandaya təyin edilsəydi, işi indiki ilə müqayisədə daha rahat ola bilərdi. Mövsümün ortasında, rəqabətin qızışdığı bir vaxtda gerçəkləşən bu təyinatın nəticəsi maraqla gözlənilir. 

"Sabah"ın geniş, səviyyəli heyəti və bütün hallarda Premyer Liqada iddiaçılar sırasına oynaya biləcək gücü var. Yetər ki, Krunoslav Renduliç mövsümün sonuna doğru sistem dəyişikliyi və ya yeni macəralar axtarışında olmasın. Hazırkı vəziyyətdə onun etməli olduğu əsas şey, heyətə toxunmağa bacarmaqdır. Buna komanda ilə qısa vaxtda isti münasibətləri qurmaqla başlaya bilər.

Xorvatiyalının karyerasından da görünür ki, 50 yaşlı çalışdırıcı nəticə qazanmaq, komandanı hədəfə çatdıra biləcək perspektivə sahibdir. Ancaq Premyer Liqaya daha öncə də təcrübəli mütəxəssislər gəlib. Məsələn, bir dönəm "Sumqayıt"da çalışan Aleksey Baqa vəzifəsinin öhdəsindən gələ bilməmişdi. 

Bu məsələdə ən başlıca məqam qısa vaxtda komandaya və çempionata uyğunlaşa bilməkdi. Renduliçin bunu nə dərəcə bacaracağını isə zaman göstərəcək. 

Həsrət


Paylaş: