Niderland millisində ciddi itki
Niderland milli komandasının və "Tottenhem"in yarımmüdafiəçisi Xavi Simons sosial mediada 2026-cı il dünya çempionatında iştirak etməyəcəyini açıqlayıb.
Sportlife.az xəbər verir ki, Simons özü vəziyyəti ilə bağlı bunları yazıb:
"Bu gün həyatın nə qədər qəddar ola biləcəyini öz təcrübəmlə yaşadım. Mövsüm bir anda qısaldı və hələ də buna inanmaqda çətinlik çəkirəm. Ürəyim qırılıb, çünki baş verənlərdə ədalət yoxdur. Tək istədiyim klubum üçün mübarizə aparmaq idi, amma indi bu fürsət Dünya Kuboku arzumla birlikdə əldən verilib. Bu yay ölkəmi təmsil etmək şansım sadəcə yox oldu. Bu zərbəni qəbul etmək üçün vaxta ehtiyacım var, amma söz verirəm ki, komanda yoldaşlarım üçün güclü bir dəstək sistemi olaraq qalacam. Əminəm ki, bu çətinliklərin öhdəsindən birlikdə gələcəyik. Sağalma yolum başlayır. İnam və daxili güclə oyuna qayıdana qədər günləri sayacam. Xahiş edirəm səbirli olun".
23 yaşlı futbolçu “Tottenhem”in heyətində zədələnərək, mövsümü başa vurub. Onun nə vaxt geri qayıdacağı hələ ki dəqiq deyil. Niderlandlı 2030-cu ilə qədər “Tottenhem”ə məxsusdur. Simons PSJ, PSV, “Leyptsiq” klublarında da oynayıb.