
"Şərait I Liqa üçün əlverişli olsa da, Premyer Liqa üçün qənaətbəxş hesab olunmur"
Azərbaycan I Liqasında çıxış edən "İmişli" Premyer Liqaya yüksələcək klublar arasında ən real namizədlərdən biri hesab olunur.
Aşağı dəstədə artıq 16 tur geridə qalıb. "İmişli" hazırda 30 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Bəs klubun Premyer Liqa hazırlıqları necə gedir?
Klubun icraçı direktoru Aqşin Mürsəlov bununla bağlı Sportlife.az saytına açıqlama verib. O, komandanı qarşıda çətin matçların gözlədiyini bildirib:
"Biz keçən il lisenziyanı təmin etmişdik. Bu barədə problem yaşayacağımızı düşünmürəm. İndiki halda da lisenziya məsələsini 80-85% həll etmişik. Sənədlərimizi təqdim etdik. Heyətlə bağlı çətinliyimiz yoxdur. I Liqa üçün heyətimiz kifayət qədər genişdir. Premyer Liqaya yüksələcəyimiz təqdirdə heyətlə bağlı problem yaşayacağımızı düşünmürəm. Əsas olan idman nəticəmizdir. Bizi qarşıda çətin matçlar gözləyir. Hazırda bütün fikrimizi növbəti oyunlara yönəltmişik".
Klub rəsmisi stadionla bağlı problemlərin olduğunu gizlətməyib: "Mütəxəssislər gəlib baxış keçirdilər. Öz fikirlərini bildirdilər. Meydançamız standartlara tam uyğundur, amma təmirə ehtiyacı var. I Liqa üçün şərait əlverişli olsa da, Premyer Liqa üçün qənaətbəxş hesab olunmur. Bu məsələni də həll edəcəyimiz təqdirdə, elitaya tam hazır olacağımızı düşünürəm".
Akif ƏHMƏDOV