AFFA-nın "mövsüm finalı" : Kağızdan çıxa biləcəyikmi?
AFFA İcraiyyə Komitəsinin ilin son iclasına hazırlaşdığı deyilir. Gələn həftə baş tutacaq bu iclasın əvvəlkilərdən fərqli olaraq, daha məhsuldar olacağı gözlənilir.
Məhsuldarlıq dedikdə, yenə uzun-uzadı çıxışlar, qalın qovluqlar, lakin nəticəsi kağız üzərində qalan "qərarlar" təsəvvür olunsa da, bu dəfə nəticələrin yalnız kağız üzərində qalmayacağına ümid etmək istəyirik.
İclasda “Ölkə futbolunun yeni inkişaf strategiyası” adlı bir sənəd də ortaya çıxa bilər. AFFA-nın əvvəlki sənədlərinin çoxunun arxivlərdə qalması faktını nəzərə alsaq, yenə də bəzi şübhələr yaranır. Lakin bu dəfə gözlənti odur ki, strategiya real həyata keçirilsin, Azərbaycan futbolunun inkişafına xidmət etsin.
AFFA iclaslarının əsas problemi kağız üzərində gözəl görünən, lakin icrada heç bir təsiri olmayan qərarlarla yadda qalmasıdır. Əgər ölkə futbolunda həqiqi inkişaf istənilirsə, müzakirələrdən kənara çıxmaq və real işlərə başlamaq lazımdır. Təəssüf ki, bu iclasdan da fərqli nəticələr gözlənilmir: Uzun müzakirələr, özünütərif çıxışları və dəyişməyən Azərbaycan futbolu...
Lakin iclasdan sonra verilən qərarlar icra mərhələsinə keçərsə, bu, gələcək üçün mühüm addım ola bilər. İnkişaf həqiqətən də kağızda başlayır, amma bu dəfə kağızda bitməməlidir!
Mirələm Həsənli