
Kreslo həzzi
Yadınızdadırsa, belçikalılar AFFA üçün İnkişaf Strategiyası hazırlamışdı. Deyə bilərsiniz ki, hə, nə oldu o məsələ?
Belçikalılar öz işlərini görüb strategiyanı yazdılar. AFFA rəhbərliyi də mətbuata poz verib, “futbolumuzun gələcəyi” haqqında pafoslu sözlər danışdılar. Amma indi həmin 70 səhifəlik strategiyanın heç adını da tutan yoxdur. Bu sənəd rəflərdə tozlanmaq üçün hazırlanmışdı?
AFFA-nın baş katibi Cahangir Fərəcullayev bir neçə ay əvvəl böyük iddialarla elan etmişdi ki, “sabahdan islahatlara başlanılacaq”. Amma görünən odur ki, onun sabahı hələ açılmayıb. Əvəzində isə xarici səfərlər, formal görüşlər və nəticəsiz işgüzar təəssüratlar siyahısı uzanıb.
Fərəcullayev özü də yaxşı bilir ki, onun əsas vəzifəsi bu strategiyanın həyata keçirilməsini təmin etmək idi. Görünən budur ki, o, kreslosunu tutduqdan sonra işdən çox kreslonun özündən həzz almağa üstünlük verir.
Cahangir bəyin son 6 aydakı “fəaliyyət gündəliyi” də çox aydındır: tez-tez xarici səfərlər və müxtəlif “təcrübələr mübadiləsi” görüşləri. Lakin nə uşaq futbolunda inkişaf var, nə də futbolumuzda keyfiyyət dəyişikliyi. Problemlər əvvəlki kimi qalır...
Fərəcullayevin kreslosu da var, kabineti də. Futbolumuzun gələcəyi necə? Var?
Əgər bu strategiya icra olunmayacaqsa, islahatlar olmayacaqsa, Fərəcullayevin AFFA-da qalmasının nə mənası var?
Hələ ki, Fərəcullayev öz işinin öhdəsindən gələ bilmir. Etiraf etsin. Edə bilərsə...
Mirələm HƏSƏNLİ