AFFA-nın inkişaf strategiyası niyə yubanır ? - YENİ DETALLAR
AFFA ilə yeni strategiya hazırlayan Belçika şirkəti arasındakı danışıqların uzanması ilə bağlı xəbər vermişdik.
Sportlife.az məsələnin detalları ilə bağlı yeni məlumat əldə edib. AFFA-ya yaxın olan mənbənin verdiyi məlumata görə, şirkətin hazırladığı strategiyada növbəti 5 il ərzində 10 təbii örtüklü stadionun tikintisi nəzərdə tutulub. AFFA rəhbərliyi isə Belçika şirkətindən strategiyanın hazırlanmasına yenidən baxılmasını istəyib və bu stadionların qısa müddətdə tikilməsi üçün lazımi maliyyə vəsaitini ayıra bilməyəcəklərini əsas gətirib. Şirkət rəsmiləri isə strategiyanın yenidən işlənməsinin mümkün olmadığını bildirib.
Mənbənin sözlərinə görə, çıxış yolu kimi strategiya müddətinin uzadılması müzakirə olunur. Lakin məsələnin necə nəticələnəcəyi, AFFA-nın bu strategiyanı hansı formada həyata keçirəcəyi bəlli deyil. Danışıqların hələ də davam etdiyi və yekun qərarın verilmədiyi bildirilir.
Belçika şirkətinin hazırladığı strategiya AFFA-nın məqsədləri ilə uyğunlaşacaqmı? Futbol infrastrukturunun gələcəyinə dair qərar yaxın zamanda bəlli olacaq.
Mirələm Həsənli