"Bu il liqada qaldığımız üçün sevindiyimiz son il olsun" - MÜSAHİBƏ
“Xəmsə” fanklubunun idarə heyətinin üzvü Müşviq Məmmədovun Sportlife.az-a müsahibəsini təqdim edirik.
“Xəmsə” fanklubu nə vaxtdan fəaliyyət göstərir?
- “Xəmsə” fanklubunu 2009-cu ildə mərhum Adil Məmmədov yaradıb. O vaxt “Kəpəz”in adı “Gəncə” idi. Divizionda çempion olan vaxtlar idi. Adil dayı Bakıda yaşayırdı. Məqsəd də paytaxtda olan “Gəncə” azarkeşlərini bir ad – “Xəmsə” adı altında toplamaq idi.
Fanklubunuzun maliyyəsi necə tənzimlənir?
- Bizim fanklubun yaşı çoxdur. O vaxt fanklubu yaşatmağa başlayan tələbələrin hərəsi indi bir vəzifədə işləyir. Köməkləşib xərclərimizi qarşılayırıq. Bu mövsüm bütün oyunlarda iştirak etmişik. Bir matç da buraxmmışıq. Klub bizi yalnız avtobusla təmin edir. Amma digər bütün xərcləri özümüz qarşılayırıq. Hətta avtobus olmayanda belə nəqliyyat vaistəsini özümüz təşkil etmişik.
Heç olub ki, bərbad nəticələrə görə sevimli komandanızı dəstəkləməkdən imtina etmisiniz?
- Boykot da, etiraz da etmişik, amma imtina etməmişik. “Kəpəz” 2015-ci ildə Bakıda oynayanda da etiraz etmişik. O vaxt Gəncə stadionunda təmir gedirdi. Maliyyə olub, üzdə bir şey olmayanda boykot etmişik. Rəhbərliyə, baş məşqçiyə etiraz etmişik. Amma “Kəpəz”dən imtina etməmişik.
“Kəpəz”dən nə istəyirsiniz?
- Hazırkı durum barədə danışmaq çətindir. Mən yaş etibarı ilə “Kəpəz”in güclü dövrünün son illərini görmüşəm. Bugünkü durum cədvələ baxanda təbii ki, bizi qane etmir. Əlbəttə istəyərdik ki, daha yaxşı olsun, şəraiti də əla olsun. Stadionumuz da hazırda təmir olunur. Bu büdcə ilə maksimum olacağımız yerdəyik. 2000-ci ildən sonra “Kəpəz” demək olar ki, nəticə verməyik. Ona görə də reallıqla barışmışıq. Maliyyə olmadıqca, yaxşı oyun da olmayacaq.
“Kəpəz”in builki çıxışından razısınız?
- Builki heyətimiz yaxşı idi. Adil müəllimin ortaya qoyduğu oyunu Azər Məmmədovda görmədik. Olardıq 6-cı, 7-ci yerdə, bu, başqa məsələ… İştah diş altındadır. Komanda udduqca udmağını istəyirsən.
Ən çətin səfəriniz haraya olub?
- Ən maraqlı oyunlarımız “Neftçi” ilə olub. Həyəcanla baxırdıq. Amma yol baxımından Mərdəkana getmək bizi çox yorur.
Son olaraq komandanıza nə arzu edirsiniz?
- Arzum budur ki, bu il liqada qaldığımız üçün sevindiyimiz son il olsun.
Qulammirzə Səfərli