“Qarabağ"ın "Sabah" sindromu və hakimlikdən kənar reallıq

  • 1 İyun 2025, 11:03

Qurban Qurbanovun sözləri ilə desək, dünənki hakimlik, doğrudan da, bərbad idi. İnqilab Məmmədovun “inqilabi” qərarları isə nə ilk idi, nə də, görünən odur ki, son olacaq.

 “Qarabağ” doğrudanmı yalnız hakimlik ucbatından məğlub oldu? Rəqəmlər və soyuq statistika başqa həqiqətdən xəbər verir.

Son mövsümə baxsaq, "Qarabağ"ın "Sabah"a qarşı Premyer Liqada son qələbəsi ötən ilin sentyabrına təsadüf edir. O vaxtdan bəri 3 qarşılaşmanın hamısı heç-heçə ilə nəticələnib. Ümumilikdə isə bu mövsüm "Qarabağ" "Sabah"la keçirdiyi 4 oyunun 3-də qələbə qazana bilməyib və bu nəticələr "Sabah" kimi bu mövsüm Premyer Liqanı ən bərbad nəticə ilə başa vuran komanda ilə oyunlarda qeydə alınıb.

Hakim qərarları müəyyən oyunlara təsir göstərə bilər, amma ardıcıl 4 oyunda rəqibə qarşı üstünlük qura bilməmək artıq hansısa problemlərin göstəricisidir. "Qarabağ" kimi ambisiyalı və Avropa səviyyəsində özünü sübut etmiş bir komandanın belə zəif "Sabah" qarşısında bu qədər çətinlik çəkməsi ciddi siqnal olmalıdır.

Əslində, belə halların yaşanmayacağı, "hakim səhvi" amilinin nəticəyə təsir etməyəcəyi bir səviyyədə oynamalı idi "Qarabağ". Son illərin çempionu Premyer Liqanı 5-ci pillədə bitirən "Sabah"a qarşı sabit nəticə göstərə bilmirsə, günahı ilk növbədə özündə axtarmalıdır, təkcə hakimlərdə yox.

Beləliklə, əgər "Qarabağ" daha yüksək hədəflər, Avropada dərin mərhələlər, daha böyük uğurlar istəyirsə, daxili çempionatın belə oyunlarına da maksimal səviyyədə yanaşmalıdır. Əks halda, nəinki "Sabah", hər hansı başqa komanda da sürprizlər edə bilər.

Mirələm HƏSƏNLİ 


Paylaş: