
"Sabah daha az səhv etməyə çalışacağıq"
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin “Şelburn”la cavab oyunundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– Matça pis hazırlaşmamışıq. Baxmayaraq ki, üstünlüyümüz var. Səfərdə də qeyd etmişdim ki, ciddi rəqibə qarşı oynayırıq. Məğlub olmağı sevməyən rəqibdir. Buradakı oyunda istəyirik ki, daha yaxşı olaq, oyunumuzu daha da yaxşılaşdıraq. Çalışacağıq ki, sabah daha az səhv edək, daha yaxşı oynayaq.
– FKSB-nin prezidenti Cici Bekali sizə söz ataraq, komandasını motivasiya edir, “Qarabağ”ı qıcıqlandırmaq istəyir. Ona cavab verəcəksiniz?
– Mənim xarakterimi bilirsiniz. Bizim hələ cavab oyunumuz var. Bütün diqqətimiz sabahkı matçdadır. Atmacalara gəldikdə, buna cavab verə bilmərəm. Hansısa insanla heç bir kontaktım, münasibətim yoxdursa, onun haqda fikir bildirə bilmərəm. Hələ bəlli deyil, onlarla düşəcəyik, ya yox. Bizə tanış komandadır, onlara qarşı oynamışdıq. Fikrimizin yayınmasını istəmirik. Hələlik plan üzrə sabahkı oyuna hazırlığı davam etdiririk.
– Zədəlilərin durumu necədir?
– Marko Yankoviç və Dani Bolt sabahkı oyunda böyük ehtimalla oynamayacaq. Yankoviç bu gün məşqdə olacaq. Bəlkə sabah “23-lüy”ə salarıq. Amma oynaması hələ böyük riskdir. Qarşıdakı matçda gedişata uyğun addım atacağıq. Son vaxtlar dünya futbolunda zədəlilərin sayı çoxalır. Futbol güc, sürət tələb edir.
– FKSB-nin “Şkendiya” ilə oyununu izləmək planınızda var?
– O oyuna heç kim getməyəcək. Əgər imkan olsaydı, addım atardıq. İstədik ki, bütün kollektivimiz bu oyun üçün burada olsun.
– Tahir Gözəl deyib ki, hücum xəttinə oyunçu transfer etməyi planlaşdırırıq. Hücumçu transfer etmək istəyirsiniz?
– Ən çox hücum mövqeyinə oyunçu axtarırdıq. Çox oyunçuya baxdıq, yaxından analiz etdik. Neçə futbolçu ilə danışıqlarımız oldu. Bir neçə hücumçu ilə danışmışdıq, razılaşmışdıq, sonda elə oldu ki, daha böyük təkliflər gəldi, başqa ölkələrə getdilər. Bəli, hücum xəttinə oyunçu axtarışı davam edir. Orta sahəyə də oyunçu axtarırıq. Bugünkü hücumçularımdan məmnunam. İdman formalarından, işə yanaşmalarından, kollektivdəki mövqelərindən çox razıyam. Onlarla oyun qurmaq mənə çox asandır. Neçə illərdir ki, oyun sistemimizin içindədirlər. Amma başqa hücumçu da axtarırıq, həmin mövqeyi daha da möhkəmləndirmək istəyirik. Qruplara düşəndə rotasiyalarımız çox olur, onda da onları əvəzləyən layiqli oyunçuların olmasını istəyirik. Hücum xəttindən razıyam. Sadəcə, işimizi daha da sığortalamaq istəyirəm.
– “Qarabağ”ın əsas qapıçısı kimdir? Bəzən Fabyan Buntiç, bəzən Şahruddin Məhəmmədəliyev, bəzən də Mateuş Koxalski oynayır…
– Qapıçını oynatmasan, ritmdən düşə bilər. İmkanımız varsa, ən azından çempionatın startına kimi oyunçuların oyun təcrübəsini qoruyub-saxlamağa çalışırıq. Liqada rotasiyalar edə bilirik. Məşqlərdəki işgüzarlığın haqqını vermək lazımdır. Buntiç daha yaxşı həftə keçirdi, çalışdıq ki, onu meydana buraxaq, haqqını alsın. Qapıçıların hər üçündən razıyam. Hamımız daha yaxşısını istəyərik.
– Sami Mmae “Qarabağ”a keçəndə, “Dinamo” azarkeşlər sosial şəbəkələrdə Ağdam klubuna təşəkkür etdilər ki, “sağolun, onu transfer etdiniz”…
– Kimlərisə sevindirmişiksə, bu da əlavə uğurdur. Mmaenin yaxşı mərkəz müdafiəçisi olmaq üçün üstünlükləri var. Yaxşı oyunçu o demək deyil ki, hər yerdə oynayacaq. Ağıllı sistem o demək deyil ki, bu, ən yaxşısıdır. Mmaenin qabiliyyəti, bacarığı bizə uyğun gəlir deyə onu komandaya dəvət etmişik. Tam formada deyil. Amma komandaya qoşulub, məşqlər edir. Başqa rəylərə, hansısa fikirlərə münasibət bildirməyə həvəsimiz və vaxtımız yoxdur.
– Redon Cica böyük ümidlərlə “Qarabağ”a transfer edilmişdi. Sonradan nə baş verdi ki, oynamadı?
– Cica çox yaxşı hücumçudur. Amma Juninyunun gəlişi, sonradan Nərimanın inkiaf etməsi… İstər-istəməz Cicaya daha az şans verdik. Çempionatımızda limit məsələsi var idi. Bu da mane olurdu. Amma Cicadan daha artığını əldə etdik. Çempionlar Liqasının təsnifat mərhələsində qollar vurmuşdu. Bunun sayəsində Avropa Liqasının qrupuna düşmüşdük. Liqada az şans qazandı. Az oyun oynadı. Çıxdığı oyunda bizim üçün faydalı idi. İnanın ki, komandamda Cica kimisinin olmasını istəyərdim. Amma futbolçunun özünü də nəzərə almaq lazımdır. Onun da öz arzuları, karyerası var. Həm meydana sonradan girməyi bacarır, həm də start heyətində oynamağı. Qol vurmaq qabiliyyəti var, yaxşı insan və idmançıdır.