Stadionsuz inkişaf nağılı

  • Bu gün, 14:26

AFFA İcraiyyə Komitəsinin növbəti iclasında U-20 millisinin baş məşqçisi ilə bağlı qərar veriləcək.

Əldə etdiyimiz məlumata görə, bu posta portuqaliyalı mütəxəssis Rui Jorje gətirilir. Əgər təyinat rəsmiləşərsə, ona cəmi 6 aylıq müqavilə üçün təxminən 1 milyon manat ödəniləcək.

Ölkədə stadion qıtlığı varkən bu qərar nəyə xidmət edəcək?

Bir milyon manata neçə meydança salmaq olar? Neçə uşaq komandası normal şəraitdə məşq edə bilər?

Bu gün Azərbaycanda U-14-dən U-19-a qədər liqalarda 100-dən çox komanda iştirak edir. Onların hamısı məşqlərini və oyunlarını böyük ölçülü meydançalarda keçirməlidir. Harada?

AFFA rəhbərliyi heç araşdırma aparıbmı ki, bu komandalar hansı şəraitdə məşq edir?
Aparıblarsa, yəqin yaxşı bilirlər ki, həmin komandaların çoxu yararsız meydançalarda, bəziləri isə standartlardan kiçik stadionlarda məşq edir.

Oyunlar isə maksimum 7-8 stadiona salınır. Onların da əksəriyyətinin vəziyyəti ürəkaçan deyil.

AFFA rəhbərliyi ötən illərdə “inkişaf strategiyası”ndan danışırdı. Nə oldu? 

İlk iş ölkədə uşaq və gənclər futbolu üçün stadionların sayını artırmaq olmalı idi, lakin indi xəbərlər yayılır ki, AFFA 6 aya görə portuqaliyalı məşqçiyə 1 milyon manat ödəməyə hazırdır. Budur inkişafa tərəf cızılan yol?

Bu, doğrudanmı inkişaf yoludur?
Rövşənlər, Cahangirlər, Maqsudlar nə düşünür bilmirəm, amma bu gedişatı hamı izləyir, hamı görür. Yuxarı dairələr də...

Mirələm HƏSƏNLİ 


Paylaş: