Adil Vəliyevin dualarındakı "Kəpəz"

  • Bu gün, 18:08

Ötən mövsümün sonunda “Kəpəz” əl dəyişdi. Amma yerli azarkeşlərin böyük ümidlər bəslədiyi yeni rəhbərliyin planları qısa müddətdə iflasa uğradı. İdarə Heyətinin sədri olan Namiq Qədirov daxili “torba tikmə” əməliyyatı ilə klubdan yola salındı. Sonradan bu işdə müşavirlər Fərman Əlizadə və Erkin İbrahimovun rolu qabardıldı. Çox keçmədi ki, elə onların səyi ilə İdarə Heyətinin digər üzvü olan Adil Vəliyev sədr təyin edildi. Vəliyev personası tanınan deyildi. Ta ki, şefi, ölkəmizə xəyanət edən Adnan Əhmədzadə DTX tərəfindən həbs olunana qədər. 

Sonradan məlum oldu ki, vaxtilə SOCAR-da bir yerdə çalışmış bu ikilini bir-birinə çox yaxın tellər bağlayır. Adil bəyin Azərbaycanda Əhmədzadənin biznes ortağı olduğunu, işlərini apardığını və hətta onun da iqtisadi cinayətlərə görə tutulacağını deyənlər də var. Gəncə futbolu, “Kəpəz” həmişə səsli-küylü olub. Vəliyevin də özü ilə bağlı kifayət qədər müzakirəli mövzuların olduğunu nəzərə alaraq bu cür ortamdakı fəaliyyəti maraq doğurmağa başladı. Lakin “Kəpəz”ə göydəndüşmə sədr təyin olunan şəxsi bir dəfə də olsun klubun yanında, yaxşı-pis günündə görmədik. Bir dəfə olsun iclaslara qatılmadı, tədbirlərdə iştirak etmədi, dövlətimiz, xalqımız üçün xüsusi anım günlərində gözə dəymədi. Hansı ki, ölkə rəhbərliyindən başlayaraq ən aşağı ranqlı məmura kimi hamı belə günlərdə bir olur, faciəvi tarixləri, şəhidləri birlikdə anır. 

Sədr deyəsən, klubu onlayn idarə edir, sabiq xarici işlər naziri Elmar Məmmədyarov kimi evdən işləyir və ya tez-tez göründüyü bahalı məkanlardan. Belə olsaydı, dərd yarı idi. Eşitdiyimizə, aldığımız informasiyaya görə, Adil Vəliyev heç belə də etmir. Klub üçün başını ağrıtmır, “Kəpəz”i yaxın qohumu Erkin İbrahimovla Fərman Əlizadənin ümidinə buraxıb. Düzü, İbrahimovun yarıtmaz fəaliyyətinə görə klubdan ayrıldığı deyilsə də, bunun rəsmi sənədlərdə olmadığı eşitdiklərimiz arasındadı. 

Adil bəy deyirlər, imanlı adamdır, İslamın ən mühüm vacibatları arasında olan namaz qılmağı və oruc tutmağı təməl ibadətləri kimi yerinə yetirir. Kasıbın tikəsinə əl uzatmır, gözü toxdur. Açığı, inandırıcı deyil. Onun kluba gəlişi çətin günlərdə “Kəpəz”in yanında olanları, klubu qoruyanları kənarda, işsiz qoydu. Başqasının əlini çörəksiz qoyan biri necə oruc tutub əlini göyə qaldırıb dua edir?

Ümumiyyətlə, görəsən, bu müqəddəs Ramazan ayında etdiyi dualarda “Kəpəz”in də adını çəkirmi? Ortaya çıxsaydı, görünsəydi, soruşardıq, bu və digər suallarımıza cavab almağa çalışardıq.

Xəzər


Paylaş: