Emin Cəfərovun “görməmək” seçimi

  • Dünən, 22:16

Necə oldu ki, "Qarabağ" - "Sabah" oyununun AFFA nümayəndəsi olan Emin Cəfərov minlərlə adamın gördüyü hadisəni görmədi?

Bu sual təsadüfi deyil. Çünki söhbət onun gözünün qarşısında baş verən açıq bir epizoddan gedir. “Sabah” klubunun rəhbəri Maqsud Adıgözəlovun AFFA İcraiyyə Komitəsinin üzvü olması, klubun qeyri-rəsmi idarəçisi Balakişi Qasımovun AFFA-nın vitse-prezidenti olması gözləri bağlamağa səbəb ola bilərmi?

Oxucular soruşa bilər: kimdir bu Emin Cəfərov?

Cəfərov 2024-cü ilin noyabrında müvəqqəti olaraq AFFA-nın Uşaq və Gənclər üzrə yarışların təşkili şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Yəni Azərbaycan futbolunun gələcəyi hesab olunan uşaq və yeniyetmə yarışlarının təşkilinə cavabdeh şəxslərdən biridir.

Uşaq liqalarındakı oyunlarda valideynlər tez-tez mənə belə bir sual ünvanlayır: AFFA-da oturanlar görmürlər ki, uşaq futbolu nə gündədir?

 Əslində bu sual birbaşa həmin şöbəyə, daha dəqiq desək, onun rəhbərinə ünvanlanmalıdır. 

İşini yaxşı gördüyünə görə maaş alanlar var, bir də görməməli olduqlarını “görmədiyinə” görə çalışanlar. Görünür, Emin Cəfərov ikinci kateqoriyaya daha yaxındır. Çünki uşaq futbolunun acınacaqlı vəziyyətini görmür. AFFA nümayəndəsi kimi təyinat aldığı oyunda “Sabah”ın məşqçisinin qeyri-etik jestini də görmür.

Minlərlə tamaşaçının gördüyünü görməmək artıq diqqətsizlik deyil. Bu, seçimdir...

Biz isə bu mənzərəni ilk dəfə görmürük. Görə-görə gəlirik. Necə deyərlər, görünən kəndə bələdçi lazım deyil.

Amma bir həqiqət də var:

İşini düzgün görməyənlər bəzən elə düşünür ki, onları heç kim görmür. Halbuki hər şeyi görən var...

Mirələm HƏSƏNLİ 


Paylaş: