
"Daha çox qol vurmağa çalışacağıq"
"Səfər matçında uğurlu nəticə əldə etdik. Amma yenə də maksimum gücümüzü ortaya qoymalıyıq. Bu dəfə daha çox qol vurmağa çalışacağıq".
Sportlife.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Moldovanın “Petrokub” komandası ilə keçirəcəkləri cavab görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, ilk matçdakı 2:0 hesablı qələbəyə baxmayaraq, cavab görüşünə ciddi yanaşmaq lazımdır: “Futbolçuların bərpa prosesi uğurla tamamlanıb. İndi isə əsas məqsəd əvvəlki qarşılaşmalarda müşahidə olunan boşluqları aradan qaldırmaqdır. Avrokubok oyunlarında hər bir rəqibə ciddi yanaşmaq lazımdır. Onları zəif hesab etmək düzgün olmaz".
Baş məşqçi səfər matçında komandanın ümumi çıxışından tam olaraq razı qalmadığını vurğulayıb: “Xüsusilə son 10 dəqiqə istədiyim səviyyədə idi. Lakin oyun ərzində topa nəzarət əsasən rəqibdə oldu. Mən isə komandamın meydanda üstün oyun göstərməsini və topa daha çox sahib olmasını istəyirəm".
Qeyd edək ki, iyulun 31-də “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Petokub” oyunu saat 20:00-da başlayacaq.