İçi boş klublar

  • 24 İyul 2025, 17:21

Azərbaycanda “Bölgələrdə futbol olmalıdır” ifadəsindən də sui-istifadə edilir.

İmişli və Yevlax klublarının Premyer Liqaya yüksəlməsi ilə ümidlər bir daha alovlanmışdı. Amma gözlənilən nə idi, görülən nə oldu? Transfer xəbərləri, legionerlərlə dolu siyahılar, heç bir inkişaf planı olmayan akademiyasız klub strukturları... Sual yaranır: Belə bölgə klubları yerli gənclərə nə verə bilər?

Bu günə qədər bu klublardan hansının uşaq futboluna dair konkret layihə təqdim etdiyini, akademiya qurduğunu, ya da yerli istedadları ön plana çıxardığını eşitmisiniz? Eşidə bilməzsiniz. Çünki bu bölgələrdə də klublar bir neçə nəfərin maraqlarına uyğun qurulub.

İmişli və Yevlax klubları da bu mövsümdən Premyer Liqada çıxış edəcək. Bunun bölgəyə nə faydası olacaq? Futbolun inkişafı ilə bağlı layihələr klub rəhbərlərinin kommersiya maraqlarına uyğun gəlmir. Onların və ətraflarındakı bir neçə şəxsin məqsədi nə futbolçu yetişdirmək, nə də bölgədə sistem qurmaqdır. Məqsəd yalnız görünmək, legioner gətirib “çempionata hazırıq” mesajı verməkdir. "Xeyir" bundadı... 

Əgər bölgələrdə futbol olmalıdırsa, o futbol uşaq akademiyalarında başlamalıdır. Belə olmasa, bölgə futbolu sadəcə dekorativ xarakter daşıyacaq. Legionerlə doldurulmuş, içi boş klublar bölgələrə yox, şəxsi maraqlara xidmət edəcək.

Mirələm HƏSƏNLİ 


Paylaş: