AFFA-nın qorxusu
Dünən AFFA-nın yaydığı bəyanat zahirən sakitləşdirici və “institusional dialoq” çağırışı kimi təqdim olunsa da, mətnin alt qatında bir neçə açıq mesaj gizlənir.
Ölkə futbolunun ali idarəedici qurumu "Neftçi"nin etirazlarını faktiki olaraq “spekulyasiya”, “ictimai rəylə manipulyasiya” və “qaydaların təhrif olunması” kimi xarakterizə edir. Yəni federasiya demək istəyir ki, problem hakim qərarlarında yox, klubun mövqeyindədir.
AFFA eyni zamanda müzakirəni ictimai müstəvidən çıxarmağa çalışır. “Gəlin danışaq” çağırışı əslində “gəlin bunu mediada yox, qapalı görüşdə edək” mesajıdır. Bu isə dolayısı ilə ictimai müzakirənin qarşısını almaq cəhdidir. Halbuki futbol ictimai oyundur və onun mübahisəli epizodları da ictimai maraq doğurur.
“Peşəkar, obyektiv və hüquqi çərçivədə” ifadəsi isə qabaqlayıcı müdafiə təsiri bağışlayır. Yəni qərarlar düzgündür, sadəcə izaha ehtiyac var.
“Birtərəfli açıqlamalardan çəkinin” çağırışı təkcə “Neftçi”yə yox, bütün Premyer Liqa klublarına göndərilmiş açıq mesajdır: narazılıq varsa, bunu mediada yox, federasiya daxilində bildirin.
Bu bəyanat bir daha göstərdi ki, Azərbaycan futbolunda əsas problem səhvlər yox, o səhvlərin açıq müzakirəsidir.
“Neftçi” danışanda buna spekulyasiya, ictimai narazılıq olanda buna manipulyasiya deyilir. Amma meydanda verilən qərarların yaratdığı suallar cavabsız qalır.
Əgər hər şey doğrudan da peşəkar və obyektivdirsə, niyə bu obyektivlik ictimaiyyətə açıq şəkildə sübut olunmasın? Bu nəyin narahatlığıdır?
Mirələm HƏSƏNLİ