Saşa İliç: "Oyunumuzda eniş görünür"
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Zirə” – “Sumqayıt” oyunundan (2:0) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– “Zirə”ni təbrik edirəm. Kubok oyunları çətin olur. İlk hissəni yaxşı oynadıq. 2-ci hissədə buraxılan səhv qolla nəticələndi. Fasilədən sonra oyunu dəyişməyə çalışdıq. Amma Ninkoviçin aldığı qırmızı vərəqə planlarımızı pozdu.
– Qəbul edirsinizmi ki, komandada intizam problemi var?
– Deməzdim. Futbolçular çalışır ki, tapşırıqları icra etsinlər.
– Ninkoviçin qovulmasına qədər də rəqibin müdafiəsini yara bilmirdiniz. Bu, nə ilə bağlı idi?
– “Zirə”nin də çox şansı olmadı. İlk zərbəni qola çevirdilər. Bu mövsüm 4 oyun keçirdik və hər biri bərabər səviyyədə oldu. “Zirə” keyfiyyətli klubdur. Onların fərdi bacarıqları yüksək olan futbolçuları var. Biz bacardığımızı etdik.
– Mövsümə yaxşı başlamışdınız. Aleksa Yankoviç fərqini göstərirdi. Bəs sonra nə oldu ki, komandada eniş başladı?
– Futbolçularla bağlı müzakirə aparmaq istəməzdim. Yaxşı başlamışdıq, müəyyən məqamdan sonra oyunumuzda eniş görünür. Qarşıda oyunlar var. Ümidliyik, çalışacağıq ki, əlimizdən gələni edək.
– Avrokuboklara nə dərəcə ümidiniz qalıb?
– Reallığa qalsa, çətin məsələdir. Aradakı xal fərqi böyükdür.
– Ninkoviç təcrübəsinə görə komandanı arxasınca aparacaq futbolçudur. Amma son 2 oyunda qırmızı vərəqə alıb, komandanı çətinə salır. Psixoloji problem var, ya necə?
– Ninkoviçdən gözləntilərimiz böyükdür. Bu gün də “qırmızı” aldı. Bəlkə nəsə psixoloji problemləri var. Ancaq ondan ümidliyik, hələlik ümidimizi doğrultmur.