Rəhim Həsənovun şərh oyunu
Dünən AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov “Şamaxı” – “Neftçi” oyunundakı penalti qərarını müdafiə edərək bildirib ki, oyunçu mübarizə zamanı əl və ya qolundan rəqibə qarşı qeyri-qanuni istifadə edərsə, bu qayda pozuntusudur. Aydın, konkret və prinsipial mövqe!
Amma məsələ burasındadır ki, 16-cı turda keçirilən “Karvan-Yevlax” – “Neftçi” matçında oxşar epizoda görə verilən penalti qərarını məhz elə Həsənov səhv adlandırmışdı. O zaman arqument belə idi: oyunçu havada topa başla toxunarkən əllərindən rəqibə qarşı qeyri-qanuni istifadə etməyibsə, bu qayda pozuntusu deyil.
Dəyişən nədir? Qayda kitabı? Yoxsa qərarın tətbiq olunduğu komanda?
Əgər bir epizodda “əl qeyri-qanuni istifadə” kimi qiymətləndirilirsə, digərində isə “təbii hərəkət” sayılırsa, problem artıq hakim səhvi deyil...
Futbol ictimaiyyəti sabit prinsip və ədalət gözləyir. Amma qarşısına dəyişkən izahlar çıxır. Hakim səhv edə bilər. Amma eyni situasiyanın iki fərqli şəkildə izah olunması artıq təsadüfə oxşamır.
Artıq inam yoxdur. İnamın olmadığı yerdə isə hər qərar müzakirə olunmur, şübhə altına alınır.
Mirələm HƏSƏNLİ