"Vacib perioda giririk, sıx qrafikimiz var"
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin “Zirə” – “Sumqayıt” oyunundan (2:0) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.
Sportlife.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb.
– Olduqca vacib oyuna çıxmışdıq. Kubok cavab oyunları gərginlik, stress daşıyır. İstər hazırlıqda, istər oyunda. Çünki burda ediləcək səhvi aradan qaldırmaq olmur. Üzərimizdə gərginlik var idi. 4 gündə 2 vacib oyuna çıxdıq. Futbolçularıma təşəkkür edirəm, əmzkarlıq və peşəkarlıq göstərdilər. Davam edirik. Qarşıda kritik dönəm var. Düşünürəm ki, əvvəlkindən daha çox çalışıb, diqqətli olmalıyıq.
– “Sumqayıt”a qarşı əvvəlki iki oyundan bugünkünün fərqi nə idi?
– Fərq yox idi. “Sumqayıt”ın yaxşı hücum gücü var. Şükürlər olsun, rəqibə qol imkanları vermədən bu gün qələbə qazandıq. Bu, önəmli idi. Hər 3 oyun eyni keçdi. Bu gün məğlub da ola bilərdik.
– Sensasiya baş verməsə, yarımfinalda “Turan Tovuz”la qarşılaşacaqsınız. Bu komanda həm də çempionatda avrokuboklara vəsiqə mübarizənizdə əsas rəqibinizdir…
– “Turan Tovuz”u yarımfinala yaxın görürəm. Amma hələ cavab oyunu var. Bundan sonra dəqiq nəsə deyə bilərik. Ona görə hazırda növbəti rəqibi yox, çempionatdakı “Kəpəz”lə oyunu gözləyirik.
– Çətin periodda rotasiyalar etmək üçün əlinizdə heyət var?
– Bu gün bəlkə də mövsümdə ilk oyun idi ki, tam heyətlə çıxdıq. Futbolçuların bərpası çox vacibdir. Heyətimiz rotasiya üçün kifayət edir. Düşünürəm ki, ehtiyac olduqca buna hazırıq. Vacib perioda giririk, sıx qrafikimiz var. “Kəpəz”, ardınca “Qarabağ”, sonra “Karvan-Yevlax”la oyunlar var. Hər şey futbolçulardan asılıdır.