Maqsud Adıgözəlov şou
“Sabah”ın prezidenti Maqsud Adıgözəlov Premyer Liqanın 22-ci turunda “Qarabağ”la oyunun (3:3) sonunda baş verən hadisələri şərh edərkən prinsipial mövqe nümayiş etdirib:
"Nümayəndəmiz emosional və yersiz bir jest etdi və bunu etməyə haqqı yox idi. "Sabah" Futbol Klubu bu cür davranışı qəbuledilməz hesab edir. Bu, bizim adət-ənənələrimizə, mədəniyyətimizə və dəstəklədiyimiz dəyərlərə uyğun gəlmir. Məşqçimiz təkcə kənarda deyil, həm də mətbuat konfransında üzr istəməyi zəruri hesab etdi. Üzr istəmək mədəniyyəti statusdan, ləyaqətdən və ya adlardan asılı deyil". Bu hissə sağlam və peşəkar görünür. Amma məhz bundan sonra açıqlama öz gücünü itirir və şou başlayır.
Çünki üzr mədəniyyətindən danışdığı anda Adıgözəlov keçmiş epizodları xatırladır, köhnə jestləri, kölgə salan açıqlamaları və vaxtilə edilməyən üzrləri gündəmə gətirir. Əgər üzr həqiqətən prinsipal dəyərdirsə, o zaman qarşı tərəfin vaxtilə nə edib-etməməsinin bu kontekstdə qabardılması nə üçündür?
Bu, klassik “biz etdik, amma siz də etmişdiniz” xəttidir və bu xətt üzrün səmimiyyətini zəiflədir.
Üzr ya qeyd-şərtsiz olur, ya da müqayisəli. Qeyd-şərtsizdirsə, keçmişi siyahıya almağa ehtiyac qalmır. Müqayisəlidirsə, o artıq müdafiə mövqeyidir.
Açıqlamanın ən problemli nöqtəsi də budur: bir tərəfdən etik üstünlük nümayiş etdirilir, digər tərəfdən isə köhnə hesablar xatırladılır.
Məqsəd gərginliyi azaltmaq idi? Keçmiş hadisələri açıb tökmək əks effekt yaratdı. Çünki bu, dialoqu sakitləşdirmir, polemikanı yenidən alovlandırır.
Əsl böyüklük sadəcə bir cümlədə ifadə olunmalı idi: “Səhv etdik və üzr istəyirik”. Müqayisəsiz və şərhsiz. Maqsud Adıgözəlov isə bu incə xətləri qoruyub saxlaya bilmədi və nəticədə həm səmimiyyət, həm də rəhbərlik imici sarsıldı.
Mirələm HƏSƏNLİ