"Klublar və federasiyaların hamısı sponsor istəyir, amma..." - MÜSAHİBƏ

  • 20 Aprel 2024, 17:52

“İQ Sports” media və marketinq agentliyini yaradan Rüstəm Allahverdiyevin Sportlife.az-a müsahibəsini təqdim edirik.

Agentliyin yaradılmasında səbəb və məqsəd nədir?

- Agentliyi yaratmaqda səbəb Azərbaycan İdman Marketinqi sahəsində boşluğun olmsıdır. Hamımız problemlərdən danışırıq: bizə niyə sponsor gəlmir, niyə media, azarkeşlərlə, hökumət və qeyri-hökumət təşkilatları ilə düzgün kommunikasiya qurulmur? Problemləri kimlər həll etməlidir? Bu istiqamətdə həmişə müzakirələr olur.

Yəqin ki, elə bu suallar da agentliyin yaradılmasına təkan verdi...

- Bəli. Biz də bazar araşdırması etdik və baxdıq ki, Azərbaycanda buna çox ehtiyac var. Bizim yaxşı idmançılarımız var. Onların markalaşmasında xidmət göstərən heç bir yer yoxdur. Qafqazda Azərbaycan əhali və bazar baxımından üstündür. Amma bu gün bizim reklam bazarında qazanc çox aşağı səviyyədədir.

O zaman xidmət göstərərkən beynəlxalq təcrübədən istifadə olunacaq?

- Bu agentliyi yaratmamışdan qabaq elə beynəlxalq təcrübədən yararlandıq. Türkiyə, İsveç, Gürcüstan, Rusiya və digər Avropa ölkələrində partnyor şirkətlər var. Onlarla birlikdə çalışacağıq.

Fəaliyyətə nə zaman başladınız?

- Biz 10 gündür ki, fəaliyyətdəyik. Federasiyalarla, klublarla, idmançılarla görüşmüşük. Artıq razılıq əldə etdiklərimiz də var. Onlara marketinq strategiyalarının yazılmasında, markalaşmada, kommersiya layihələrinin hazırlanmasında köməklik göstərəcəyik. Klublar, federasiyalar var ki, böyük layihələr təşkil etmək üçün çətinlik çəkirlər. Məsələn, hansısa klubumuz sabah Avropada oynayacaqsa, onlara xidmətlərimizi təklif edəcəyik. Bununla yanaşı, bizim vizionumuz ölkənin İQ idman mərkəzi olmaqdır.

Gələcək planlarınız nədən ibarətdir?

- Biz kadrların hazırlaması istiqamətində işlər görəcəyik. Gələcək planlarımızda var ki, “İQ Sports”un tərkibində həm media, həm də idman marketinqi mütəxəssislərinin hazırlanması üçün seminarlar, təlimlər təşkil olunsun. Azərbaycan idmanı ilə bağlı böyük layihələrimiz olacaq.

Əsas üstünlüyü nəyə verəcəksiniz?

- Çoxşaxəli fəaliyyət sahəsi seçmişik. Bu gün idman sahəsində böyük bazar var. Klublar və federasiyaların hamısı sponsor istəyir, amma onların cəlb edilməsi üçün düzgün kommunikasiya planı yazılmalıdır, ictimaiyyətlə düzgün iş görülməlidir və yaxşı məhsul ortaya çıxarmalısan. Bu məhsul bazarda satılmalıdır. Hamı pul qazanmaq istəyir. Müasir bazarda düzgün işləmək lazımdır. Biz də bunu izah edirik ki, bunun üçün əvvəlcə müəyyən işlər görməlisən.

 

Qulammirzə Səfərli


Paylaş: