"Məncə bu, faciə sayılacaq" - Millimizin sabiq hücumçusu

  • 14 Noyabr 2024, 17:30

"Məğlub olsaq, bu, faciə olacaq".

Bunu Sportlife.az-a Azərbaycan millisinin sabiq forvardı Rauf Əliyev deyib. O, millimizin qarşıdakı iki oyunu - "Estoniya" və "İsveç" görüşləri barədə fikirlərini bölüşüb:

"Fikrimcə, bizim üçün əsas oyun "Estoniya" ilə olan matçdır. Çünki evdə oynayırıq, xal qazana bilərik. İlk oyunda millimiz yaxşı oynasa da, xüsusən də ilk dəqiqələrdə epizodlarımız olsa da, bundan yararlana bilməmişdik. Əvəzində isə estonlar öz yaratdığı vəziyyətlərdən yararlanıb bizi məğlub etmişdi. Amma bu oyun məncə daha fərqli olacaq. Elə fikirləşirəm ki, doğma meydanda millimiz qələbə qazana biləcək. Estoniya ilk oyunda qalib gəlsə də, o qədər də güclü rəqib deyil. Yığmamız onlardan daha yaxşıdır". 

O, İsveçlə oyunda isə millimizin şanslarını yüksək dəyərləndirmir:

"İsveçlə görüş isə bizim üçün çətin olacaq. Bu oyunda millimizin qələbə qazanma şansı çox azdır. Bu matçda heç-heçə bizim üçün yaxşı nəticə sayıla bilər".

"Qarabağ"ın sabiq hücumçusu Estoniyaya məğlubiyyətin faciə olacağını düşünür:

"Məğlub olsaq, bu faciə olacaq. Komandamız doğma divarlar arasında Estoniyanı məğlub edə bilməsə, böyük səs-küyə səbəb olacaq. Qrupu sıfır xalla bitirmək böyük uğursuzluqdur. D Liqasına düşəcəyik, məncə bu, faciə sayılacaq".

Elnur İsmayılov

 


Paylaş: