"Belə məşqçidən maksimum yararlanmalıyıq" - Aleks Souza
"Turan Tovuz”un forvardı Aleks Souzanın Sportlife.az-a müsahibəsini sizə təqdim edirik:
Artıq bir ilə yaxındır “Turan Tovuz”dasan, Azərbaycana öyrəşmisən?
- Bəli, demək olar ki, bir ildir burdayam. Yaxşı adaptasiya olmuşam, ailəm də xoşbəxtdir.
Bu mövsüm ötənilki ilə müqayisədə məhsuldarlığında azalma olub, bunu nə ilə əlaqələndirirsən?
- Əslinə qalsa, mövsüm yeni başlayıb. Mənim də zədələrim oldu və bu da mənə mane oldu. Ancaq komanda yoldaşlarımın performansından razıyam, əlimdən gələn hər şeyi edəcəm, qollar da gələcək.
Kurban Berdıyevlə işləmək necədir? O, çox tələbkardır?
- Çox şey tələb olunur, amma bizim inkişafımız üçün bu, çox vacibdir. Braziliyadan gəlmişəm və tələb çox olsa da, bu, mənim xoşuma gəlir. Biz bundan zövq almalıyıq və belə məşqçidən maksimum yararlanmalıyıq.
“Turan Tovuz”da bu mövsüm işlər yolunda gedir. Avrokuboklara getmək uğrunda mübarizə aparırsınız. “Qarabağ”dan başqa hansı komandaları özünüzə əsas rəqib kimi görürsünüz?
- Hələ qarşıda çox oyun var, hazır olmalı və əlimizdən gələnin ən yaxşısını etməliyik.
Klubla daha birillik müqavilən var. Gələcək barədə nə düşünürsən?
- Gələcək haqqında danışmaq xoşuma gəlmir. Ancaq agentlərimlə danışmalıyam və burdakı işimdən zövq alıb, müqaviləmin sonuna kimi oyunlara köklənməliyəm. Sonra artıq baxarıq, nə necə olur.