"Düz yol": D divizionuna aparan marşrut

  • 17 Noyabr 2024, 10:04

Fernandu Santuş deyib ki, "düz yoldayıq". Amma bu "düz yol" hara gedir, bilən varmı? Deyəsən, bu, yalnız Santuşun özünə məlumdur.

Nəticələrə baxsaq, bu "düz yol" Millətlər Liqasının D Divizionuna – Avropanın ən aşağı səviyyəsinə gedir. Futbolda "ən aşağı mərtəbə"yə düşmək düz yol sayılırsa, deməli, bəli, düz gedirik. Düz uçurumun dibinə...

Bəlkə də, bu, Santuşun futbol fəlsəfəsidir: "Enməmiş yüksəlmək olmaz". Amma belə görünür ki, biz hələ çox enəcəyik. Hələ nə qədər düşməliyik ki, yüksəlməyə başlayaq?

AFFA prezidenti Rövşən Nəcəf 7 aydır ki, "yeni strategiya" qurur. Amma görünən odur ki, bu strategiya yalnız vaxt öldürməkdən ibarətdir. İlkin addımları atmaq üçün 7 ay yetərli deyilsə, bəs nə qədər vaxt lazımdır?

İcraçı vitse-prezident Sərxan Hacıyev isə hələ də "təqdimat rejimi"ndədir. O, qərarvermə səlahiyyətinə malikdir, amma bundan istifadə etdiyinə dair heç bir işarə yoxdur. Deməli, təsirsizdir. Rəhbərlik təsirsizdirsə, meydanda nəticə necə olacaq?

AFFA rəhbərliyinin "inkişaf strategiyası"ndan danışdığı hər gün Azərbaycan futbolu bir az daha geriləyir. Sözlər böyük, vədlər çoxdur, lakin meydanda nə oyun var, nə də nəticə. Belə görünür ki, strategiya sözü yalnız dillərdə gəzəcək. Çünki praktikada heç nə baş vermir.

Fernandu Santuş, Rövşən Nəcəf, Sərxan Hacıyev və digərləri üçün bir sual: Azərbaycan futbolunun həqiqi inkişafını nə vaxt görəcəyik? Çünki "düz yol" bu şəkildə davam edərsə, biz heç o "yolun sonuna" belə çata bilməyəcəyik.

Mirələm Həsənli 


Paylaş: