"Müdaxiləm Emilə deyil, topa idi" - Turan Vəlizadə
"Müdaxiləm Emilə deyil, topa idi".
Bunu Sportlife.az-a "Araz-Naxçıvan"ın futbolçusu Turan Vəlizadə deyib. O, "Neftçi" ilə qarşılaşmada aldığı qırmızı vərəqənin haqsız verildiyini bildirib:
"Mənim fikrimcə hakim yanlış qərar verib. Epizodda müdaxiləm Emilə deyil, topa idi. Topun trayektoriyasından da bu başa düşülürdü".
Turan "Araz-Naxçıvanın"ın mövsümə uğurlu başlaması barədə bunları deyib:
"Mövsümöncəsi təlim-məşq toplantımız uğurlu alındı və o da bizim yaxşı başlamağımıza təkan verdi. Həmçinin baş məşqçimiz Elmar Baxşıyevin də tapşırıqlarını maksimum dərəcədə yerinə yetirməyə çalışırıq. Çempionatı bacardığımız qədər yuxarı pillədə bitirməyə çalışacağıq".
Vaxtilə "Fənərbağça"nın akademiyasında çıxış edən 23 yaşlı yarımmüdafiəçi gələcəkdə də Avropa klublarında çıxış etmək istədiyini bildirib:
"Əlbəttə, hər bir futbolçu kimi mən də Avropada çıxış etmək istəyirəm. Bildiyiniz kimi, "Fənərbağça"nın aşağı yaş komandalarında çıxış etmişəm. Legioner olmaq hissini yaşamışam. Əlbəttə, yenə istəyirəm gələcəkdə Avropa klublarından birində çıxış edim. Əlimdən gələni eləyib, vaxtı gələndə buna nail olacam".
Elnur İsmayılov