"Şahmatçıların inkişafında problem yaradan əsas amillərdən biri xarakterdir" - MÜSAHİBƏ

  • 4 Aprel 2024, 09:00

“ChessBorn TV” “YouTube” kanalının rəhbərlərindən biri Murad Həşimovun Sportlife.az-a müsahibəsini təqdim edirik.

Hazırda nə kimi fəaliyyət göstərirsən və şahmatın təbliği üçün hansı işləri görürsən?

- Hazırda “ChessBorn TV” “YouTube” kanalının rəhbərlərindən biriyəm. Ülvi İsmayılovla birlikdə çalışıram. Kanalımızda şahmatın təbliği üçün əsasən azərbaycanlı şahmatçıların müxtəlif beynəlxalq arenalardakı oyunlarını həm canlı, həm də analiz formatında izləyicilərə çatdırırıq.

Kanalınızı reytinqli etmək üçün nələri etmisən?

- Bizim məqsədimiz reytinqdə aşıb-daşmaq deyil, yaxşı iş ortaya qoymaqdır. Belə olanda reytinq də olur, izləyici də. Kanalımızda 600-ə yaxın video paylaşılıb. Bunların da yarısından çoxu canlı yayımdır. Şahmatın canlı yayımları 3-7 saat çəkir. Ona görə də şahmatı şərh etmək futboldan daha çətindir.

Hansı şahmatçılarımızın totemleri olur? (Məsələn üzünü saqqallı saxlamaq, düşərli paltarı uzun müddət geyinmək və s.)

- Nicat Abbasov turnir zamanı müsahibə verməyi xoşlamır. Bilmirəm bu, totemdir, ya ona psixoloji təsiri olur deyə belə edir. Şahmatçılar arasında belə totemlər çoxdur. Məsələn, şahmatçı var ki, 2 tur qalib gəldiyi üçün totem edərək əynindəki köynəyi sonadək dəyişmir.

Nicatdan söz düşmüşkən... Şahmatçımızın İddiaçılar Turnirindəki şansını necə dəyərləndirirsən?

- Bu gün turnirə start verilir. Nicat reytinqinə görə yarışın autsayderidir. Abbasov bu turnirin həm də debütantıdır. Bakıda Dünya Kubokunda 4-cü yeri tutduğu üçün İddiaçılar Turnirinə vəsiqə əldə etdi. O, həmin yarışı çox yüksək səviyyədə keçirmişdi. Düşünürəm ki, Nicatın şansları kağız üzərində o qədər yüksək görünməsə də, ümidlərimiz böyükdür. İlk turlarda 1 qələbə və 2 heç-heçə əldə etsə, rəqiblər üçün çox qorxulu biri olacaq. Nicat burada sirli qutudur. Əsas odur ki, uduzsan da, gec məğlub olasan. Bir də fikirləşirəm ki, rəqiblərin hamısı Nicata 1 xal gözü ilə baxa bilər. Amma Nicat müdafiədə və əks-hücumda yaxşı çıxış edə bilər. Hətta Nicatın sekundantı Azərbaycanın və dünyanın ən məşhur şahmatçılarından biridir. Söhbət Şəhriyar Məmmədyarovdan gedir. Şəhriyar hücumda oynasa da, Nicat daha çox müdafiəyə üstünlük verir. Fərqli stilləri var. Məncə, müxtəlif debütlərdə onun Nicata böyük xeyri dəyəcək. Şahmatçımıza uğurlar arzu edirəm. İnanıram ki, yaxşı oyun nümayiş etdirəcək.

Şahmat aləmində hansı maraqlı hadisələrin şahidi olmusan?

- Belə hadisələr çoxdur. Amma ən maraqlısını deyəcəm. 2021-ci ildə Qazaxıstanda blits üzrə dünya çempionatında Maqnus Karlsen də iştirak edirdi. Orada hər şahmatçıya 3 dəqiqə vaxt vermişdilər. Hər gedişdə də vaxt 2 saniyə artırdı. Karlsen qara fiqurlarla oynayırdı. Ağlarla isə belaruslu qrossmeyster Vladislav Kovalyov çıxış edirdi. O da güclü şahmatçı idi. Karlsen gecikmişdi deyə 30 saniyəsi qalmış oyuna başladı. Amma rəqibin 3 dəqiqə vaxtı var idi. Maraqlısı odur ki, buna baxmayaraq Maqnus o cür qrossmeysteri qara fiqurlarla məğlub etdi.

Kanallarını hansı məşhurlar izləyir? (Məsələn səhv etmirəmsə Bəhlul Mustafayev də izləyirdi)

- Məşhurlardan futbol üzrə Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə də, “Zirə”nin futbolçusu İsmayıl İbrahimli də bizi izləyir. Teymur Rəcəbovla Şəhriyar Məmmədyarov başda olmaqla şahmatçılarımızın 80-90 faizi izləyir. Hətta reper “Xpert” də bu siyahıya daxildir.

Şahmatımızın gələcəyini necə görürsən? Teymur, Vüqar, Şəhriyar, Rauf, Eltac kimi şahmatçılar yetişə bilir?

- Hazırda ən yüksək şans Aydın Süleymanlıdadır. Çünki ən gənc və ən yüksək reytqinli şahmatçı odur. Aydın 2600 xal səddini aşıb. Digərlərindən Vüqar Əsədli, Abdulla Qədimbəyli, Məhəmməd Muradlı, Əhməd Əhmədzadə, Xəzər Babazadə də var ki, onlar da gələcək də bu səddi keçə bilərlər. Bunun üçün ilk növbədə proqramlı şəkildə məşq lazımdır. Bu səviyyəyə çatmaq üçün çox şey qurban verməlisən. Bu, son vaxtlar şahmatsevərləri narahat edən məsələdir. Çünki Teymurla Şəhriyar işlərinin 80-90 faizini görüblər. Üstəlik yaş məsələsi də var ortada. Düşünürəm ki, qarşıdakı illər ərizdə Aydın 2650-2700 xal toplaya bilər. Şahmatçıların inkişafında problem yaradan əsas amillərdən biri xarakterdir. Xarakter çox önəmlidir. Azərbaycanda nəinki şahmatçı, ümumilikdə idmançı xarakteri yüksək səviyyədə deyil. Bunun üçün də idmançılara psixoloqların köməyi lazımdır.

Sonda şahmatsevərlərə nə sözün var?

- Şahmat beyinin gimnastikasıdır. Ağıl, məntiq və səbir tələb edən bir idman növüdür. Hər kəsi şahmat izləməyə dəvət edirəm.

Qulammirzə Səfərli

 


Paylaş: