"Valideyn uşaqlıqda qatıla bilmədiyi idman növlərinə öz uşağını yazdırmaq istəyir" - MÜSAHİBƏ

  • 9 May 2024, 21:32

İdman psixoloqu Samirə Həsənzadənin Sportlife.az-a müsahibəsini təqdim edirik.

Biz yarışı izləyərkən əsasən göz önündə idmançılar və məşqçilər olur. Aysberqin görünməyən tərəfində yəqin ki, psixoloqlar da var...

- Psixoloq əsasən əhval-ruhiyyə ilə məşğul olur. İdmançılar özlərini necə aparır, nə istəyirlər?... Bunu biz müəyyənləşdirməliyik. İdmançılar sırf məşqçilərlə yox, idmançı dostları ilə, texniki heyətlə, psixoloqla da danışmalıdır. Zədələrdən, depressiyadan sonra idmançılarla danışmaq, onların problemini həll etmək psixoloqların üzərinə düşür.

Psixoloqlar idmançılarla necə söhbət edir?

- Mənim əsas ixtisasım klinik-psixoloq olduğu üçün mən başqa ölkələrdə də çalışmışam. Beynəlxalq təcrübəm 20 ildən çoxdur. 3 il öncə həyatımda yeni səhifə açdım. Su İdmanı Sarayında işə başladım. Psixoloq “dost” deməkdir. İdmançılar burada fəaliyyətə başlayanda onlarla söhbət edirəm. Onların lap balacalıqdan travmalarını, depressiv xüsusiyyətlərini, fərqli xarakteristikasını müəyyənləşdirirəm. Həm idmançı, həm onun ətrafı, xüsusilə də valideynlərilə danışıram. Bizdə profil o qədər genişdir ki, müxtəlif yaş qrupları ilə rahatlıqla məşğul ola bilirik. Bu, otaq sehrli otaqdır. Uşaqdan böyüyə hamı bura keçəndə xüsusi ab-havaya daxil olur.

İdmançıların qazandığı uğurların arxasında psixoloqun gizli əziyyəti varmı?

- İdmana uşaqlıqdan başlayırlar. Ona görə də ən çox uşaq idmançılarla söhbət edirik. Uşaq məşqçiyə, valideynə deyə bilmədiyi sözü psixoloqa deyir. İdmançılarla peşəkar psixoloq işləyirsə, həmin idmançının tam peşəkar olması daha çox gözləniləndir.

Mentaliteti əsas tutaraq qadınların idmana yazılmamasında hər hansısa bir dəyişiklik var?

- Mən sizə bir misal çəkim: Su İdmanı Sarayında əlbəyaxa idman növlərində qadınlar kifayət qədərdir. Hətta hicablı xanımlarımız da var ki, idmana yazılırlar. Bu məsələdə kifayət qədər artım var. Mən bir məsələni də qeyd edim. Bəzən belə hallara rast gəlirik ki, valideyn uşaqlıqda qatıla bilmədiyi idman növlərinə öz uşağını yazdırmaq istəyir. İstəyir ki, öz övladı onun arzusunu reallaşdırsın. Bu da düzgün deyil. Uşaqla söhbət olunmalıdır. Valideyn övladını hiss etməlidir. Hər bir uşaq idmanla məşğul olmaq istəyər. Ola bilər ki, növü düzgün seçməsin, amma uşaq zamanla bunu anlayacaq və öz istədiyi istiqamətə yönələcək.


Qulammirzə Səfərli


Paylaş: