Qurban Qurbanov: “Belə hallara hazır olmalıyıq“

  • 13 Dekabr 2024, 09:24

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda İsveçdə "Elfsborq"a 0:1 hesabı ilə məğlub olub.

Sportlife.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında əvvəlcə görüşlə bağlı fikirlərini bildirib, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb:

- Yaxşı müdafiə olunan komandaya qarşı oynayırdıq. Əfsuslar olsun ki, məğlub olduq. İlin son oyunu idi. Bura qələbə qazanmaq üçün gəlmişdik. Futbolçularım sona kimi mübarizə apardılar. Futbol həm kiçik, həm də kobud səhvlərin üzərində qurulub. Ani bir diqqətsizlikdən qapımızda qol gördük. Hər bir halda futbolçularıma təşəkkür etmək istəyirəm. Bu il çox əziyyət çəkdilər. Xeyli uğursuzluqlarımız oldu. Buna baxmayaraq, irəliyə baxmalıyıq. Bu il Avropa Liqası bizim üçün böyük təcrübə oldu. Rəqibi təbrik edirəm. Çox istəkli idilər.

- Bu gün hücum futboluna üstünlük vermişdiz, yoxsa müdafiədən oynamağa? Oyun planınız özünü nə dərəcədə doğrultdu?

- Biz həmişə müdafiəni öndə qurmaq istəyirik. Bu gün də öz prinsiplərimizdən əl çəkmədik. Hücuma daha çox diqqət ayırırdıq. Qarşımızda 10 nəfərlə müdafiə olunan bir komanda var idi. Bizi bir neçə əks-hücumda tutdular.

- "Qarabağ"ın uğursuz çıxışının səbəbi nədir?

- Hər məğlubiyyət bir uğursuzluqdur. Amma ümumən çox da bu haqda düşünmək lazım deyil. Pozitiv düşünərək irəliyə baxmaq lazımdır. Əgər Liqa mərhələsində iştirak etməsəydik, bunu böyük uğursuzluq adlandırmaq olardı. Bəzən böyük komandalarda da uğursuz dövr görürük. Bu, futbolun qanunlarından biridir. Futbolda elə qayda yoxdur ki, hər il eyni səviyyədə olmalısan. Biz daha yaxşısını etmək üçün daim çalışırıq. Klubun, futbolçunun yorulmuş halları olur. Hər uğursuzluqdan sonra komanda daha da formalaşır, möhkəmlənir. Hər kəsi başa düşürəm. Bir şeyi bilin ki, biz uğur əldə etməyi ürəkdən istəyirik. Sadəcə bəzən alınmır. Ona görə də belə hallara hazır olmalıyıq.

 


Paylaş: