Qurban Qurbanov: "Qarabağ" olaraq qorxaq futbol oynasaydıq"...
- Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu cür havada, hesab böyük olsa da, sona qədər bizimlə oldular. Oyuna gəldikdə, əlbəttə ki, hesab üzücü görünür. İkinci hissənin ortalarında komandada bəzi boşluqlar yarandı. Rəqibin sürətli hücumlarının qarşısını ala bilmədik. Oyundan razı qaldım. Niyə? Futbolçular bilirdilər ki, qarşımızda yaxşı komanda var. Amma öz oyunumuzdan əl çəkmədik, risklərə getdik. Böyük futbol belədir. Qol epizodlarından istifadə edə bilmirsənsə, rəqib ustalıq səviyyəsinə görə fərqlənə bilir. Hesab oyuna görə deyildi. Əfsuslar olsun ki, belə hesab oldu. Qarşıdakı matçlara hazırlaşmalıyıq.
Sportlife.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Lion"la matçdan sonra keçirilən mətbuat konfransında səsləndirib. Təcrübəli mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Yaradılan qol epizodları və buraxılan qollar... Bunun səbəbi ustalıq fərqidir, yoxsa bəxtsizlik?
- Bəxtsizlik demək.. Bu ifadəni çox az-az işlədirəm. Elə epizodlar var idi ki. İki topumuz dirəkdən döndü. Bilmirəm buna bəxtsizlik deyirlər, ya yox. Biz qol vurmalı olduğumuz halda, rəqib vurdu. Qəbul etməliyik ki, "Lion"un oyunçularının ustalıq səviyyəsi yüksəkdir. İlboyu bu tempdə oynayırlar. Daha çox ustalıq səviyyəsi deyərdim.
- Hər məğlubiyyətdən sonra oyunçulardan razı qaldığınızı deyirsiz. Bu məğlubiyyətlərdən sonra oyunçuları danlayırsız? Hansı cəzaları tətbiq edirsiz?
- Biz fərqli gözlə baxırıq. O qədər detallar var ki, futbolun inkişafı haqda, turnir haqda danışmaq olar. Mən məşqçi kimi bunu sizə bildirsəm, düzgün çıxmaz. Futbolçulara narazılıq bildirdiyimiz vaxtlar olub. Hətta qalib gəldiyimiz vaxtda da. Bəzən uduzmuşuq, amma oyundan razı qalmışam. İşimizin bir hissəsidir. Cərimələr də olur, narazılıq da bildirilir. Həm fərdi, həm də kollektiv şəkildə. Bu oyuna görə futbolçulara narazılıq bildirmədim. Narazılığın həddi var. Hansı formada narazılıq edirik. Siz rahat olun, lazım olanda etiraz da bildiririk, cərimələr də olur. Lazım olanda, özümü də cərimə etmişəm. Biləsiz. İş prinsipimizdir. Bu futbolçulara bəzən təşəkkür edirəm ki, neçə illərdir, minimum bu səviyyəni qoruyub saxlayıblar. Bu turnirə Çempionlar Liqası gözü ilə də baxa bilərik. "Ayaks", "Tottenhem", "Lion" rəqiblərimizdir. Elə liqalardan gəlirlər ki... Bu cür komandalara qarşı oynamaq futbolçulara həyəcan verir. Biz bu cür rəqiblərə qarşı çəkinmədən mübarizə aparırıq. Komandamı müdafiədə oynada bilərdim. Amma bu cür inkişaf etməyi mən istəmirəm. Qoy belə risklərə gedək, futbolçular uduzsun. Futbol tam başqa səviyyədədir. Sadəcə futbolçulardan istəyirəm ki, cəsarətli olsunlar, istənilən rəqibin üzərinə getsinlər. Səhv etsin. "Qarabağ" olaraq qorxaq futbol oynasaydıq, az səhv etməyi düşünsəydik, bu nəticələri verməzdik. Bu gün istifadə edə bilmədik. Bəlkə sabah başqa cür olacaq. Narahat olmayın. Hər tərəfdən futbolçular idarə olunur. Özüm də tələb edirəm ki, daha yaxşı olmaq, daha da böyümək lazımdır.
- Kevin Medinanın ikinci qoldakı səhvi həlledici oldu. Meydanda sona qədər mübarizə aparır, amma gah qırmızı vərəqə alır, gah səhvə yol verir...
- Ola bilər ki, hansısa dəqiqələrdə bir az diqqətsizlik yaranır, futbolçunun çox aqressiv olması, belə epizodlara gətirib çıxarır. Oyuna çox istəkli yanaşırlar. Əgər oyuna 100 faiz hazirlaşırsansa, problemin olacaq. 50-60 faiz olsa, yenə problem yaranacaq. Ən optimal 80-90 faizdir. Rəqib də məcbur edir. Belə komandalara qarşı çətindir. Beyin yorulanda, düzgün qərar qəbul etmir. Açıq oyun getdi, həzz alırdım. İkinci və üçüncü qol matçın tempini saldı aşağı. Ola bilər ki, çox istəkli olması, belə səhvlərə gətirib çıxarır. Kevin təcrübəli oyunçudur, diqqətli olmalıdır. Avrokuboklarda belə səhvlərin sayı çoxdur. Kimisi istifadə edir, kimisə istifadə etmir. Rəqib oyunçunun doqquzluğa düşməsi səviyyəsindən xəbər verir.