"Sabah"ın dramaturji avantürası: Berezutski ilə "bəlkə əlınar" prinsipi

  • 26 Noyabr 2024, 15:53

Karyerasında ancaq köməkçi olmuş birini baş məşqçi kürsüsünə gətirmək - Bu, artıq incəsənətdir! Görünür, “Sabah” rəhbərliyi böhrandan çıxış yolunu dramaturji effektlərdə axtarır. Ancaq bu futboldur, teatr deyil və belə effektlər çox zaman gözlənilən nəticəni vermir.

Krunoslav Renduliçi yola salıb, yerinə Vasili Berezutskini gətirən klub sanki "bəlkə alınar" prinsipinə keçib. Belə avantürist qərarlar çox vaxt uğursuzluqla nəticələnir, amma kim bilir, bəlkə də “Sabah”ın bu addımı tarixə “möcüzə” kimi düşəcək.

Son 7 oyunda qələbə yoxdur, avrokuboklar isə xəyal kimi uzaqlaşır. Komandanın vəziyyəti “təqaüdə çıxmış bayquş”u xatırladır – kənardan baxır, amma hərəkət etmir. Berezutskiyə gəlincə, Çin macəralarından yeni qayıdıb. "Şanxay Şenhua"da Leonid Slutskinin köməkçisi olmaq bəlkə CV-də yaxşı görünür, amma Premyer Liqanın soyuq küləkləri fərqli əsir.

Klub 42 yaşlı məşqçiylə 2,5 illik müqavilə bağlayıb. Bu, bəlkə də o deməkdir ki, “Sabah” Berezutskiyə inanır. Ya da sadəcə “niyə də olmasın” deyib, hər şeyi qəzavü-qədərə buraxıb. Qış fasiləsinə 4 tur qalıb və xal itkiləri davam edərsə, Berezutski karyerasının ilk baş məşqçilik təcrübəsi ilə yadda qalacaq... təəssüf ki, elə bu qədər.

Bəs bu təyinat nəyə xidmət edir? "Sabah"ın rəhbərliyi ciddi qərarlar qəbul etmək əvəzinə, sanki batmaqda olan gəmiyə yük əlavə edir.

Berezutskiyə uğurlar diləyirik, çünki bu yükün altından çıxmaq üçün ya möcüzə lazım olacaq, ya da... daha təcrübəli biri.

Təəssüf doğuran məqam odur ki, klubun bu qərarına baxanda, strategiyadan çox “bəlkə tutar” məntiqi görürsən. Berezutskiyə inanmaq üçün təkcə optimist yox, həm də romantik olmaq lazımdır. Çünki Premyer Liqanın daşlı-kəsəkli yollarında təcrübə əsas şərtdir, xüsusən də mövsümün bu mərhələsində...

Mirələm Həsənli 


Paylaş: