Cahangir Fərəcullayevin dividend oyunları

  • Bu gün, 13:53

Son bir il ərzində AFFA rəhbərliyinin aktivinə yazılan əsas addımlar sırasında iki məsələ önə çıxarılır: Ayxan Abbasovun A milliyə təyinatı və Hakimlər Komitəsinə yerli rəhbərin gətirilməsi. İlk baxışdan bunlar “islahat” təsiri bağışlaya bilər. Amma...

Məsələ doğrudanmı islahatdır, yoxsa sadəcə görüntü yaratmaq? 

Bu qərarlar nəyə hesablanmışdı və hansı nəticəni verdi?

Ayxan Abbasovun təyinatı futbol ictimaiyyətinə strateji addım kimi təqdim olunur. Gənc məşqçi, yeni baxış, yerli kadr siyasəti və sair. Bəs bu təyinat ümumi inkişaf strategiyasının hansı hissəsinə xidmət edir? Hansı konsepsiyanın tərkib hissəsidir? Haradadır bu konsepsiya?

Əgər bu addım sadəcə “yerli məşqçi gətirdik” görüntüsü yaratmaq üçündürsə, bu, islahat deyil. Bu, kosmetik dəyişiklikdir. İslahat isə sistemin işləmə mexanizmini dəyişməlidir. Sistem isə olduğu kimi qalır.

Hakimlər Komitəsinə yerli sədrin təyin edilməsi də eyni kateqoriyadandır. Ad dəyişib, struktur dəyişməyib. Şikayətlər azalıbmı? Hakim səhvlərinə münasibətdə ardıcıl və prinsipial mexanizm formalaşıbmı? Bu sualların heç birinə “bəli” cavabı vermək mümkün deyil.

Bu təyinatlar kimin üçün dividenddir?

Əgər bu addımlar Azərbaycan futbolu üçün xeyirlidirsə, onun nəticəsini meydanda, milli komandaların çıxışında, aşağı yaş qruplarının inkişafında görməliyik. Görmürük...

Əgər nəticə yoxdursa, deməli bu təyinatlar real inkişaf üçün yox, görüntü xatirinə edilib.

Əsas məsələ isə AFFA-nın elan etdiyi inkişaf strategiyası idi...

Bir il keçib. Bu strategiyanın işə düşdüyünü göstərən bir real mexanizm varmı? Bir proqram? Bir yol xəritəsi? Bir hesabat? - Yoxdur.

Strategiya kağız üzərində qalıb. Futbolun gündəlik problemləri isə əvvəlkindən də ağırlaşıb. İnfrastruktur eyni vəziyyətdədir. Aşağı liqalar səssiz-sədasız yoxa çıxmaq həddindədir. Uşaq futbolu sistemsizdir. Milli komandalar perspektiv yox, sual doğurur.

Bu mənzərədə adların dəyişməsi heç nəyi həll etmir.

Əgər bir il ərzində sistem hərəkətə gəlməyibsə, deməli problem icraçılardadır. Daha dəqiq desək, icranı təşkil etməli olan mərkəzdədir. Katiblikdə...

Cahangir Fərəcullayev bu bir il ərzində futbolu idarə edən fiqur kimi hansı modeli ortaya qoyub? Hansı mexanizmi qurub? Hansı strukturu işlək vəziyyətə gətirib? Bu sualların cavabı yoxdur.

Cavab olmayan yerdə isə təbliğat başlayır. Ayrı-ayrı təyinatlar “böyük addım” kimi təqdim edilir. Halbuki böyük addım sistemin hərəkətə gəlməsidir. Bu isə yoxdur.

Azərbaycan futbolunda adlar dəyişir, amma mexanizmlər yox. Biz şəxslər üzərində deyil, mexanizmlər üzərində düşünmədikcə, nə nəticə dəyişəcək, nə də məsuliyyətin ünvanı...

Mirələm HƏSƏNLİ 


Paylaş: