Çörəyini dizinin üstünə qoyanlar
Azərbaycan futbolunda illərdir ki, dəbi müəyyənləşdirən “Qarabağ”ın Avropadakı uğurları hamımızı həyacanlandırır. Futbol təsərrüfatında birbaşa bağlılığı olan qurumlar, eləcə də klublarımız Ağdam təmsilçisini hər önəmli addımında dəstəkləyir. Azərbaycan Prezidenti İlham Əliyev kimi klublar da sosial şəbəkələrdə təbrik mesajları ünvanlayır, uğurların davamını arzulayır.
Hazırkı mühitdə rəqiblərin “Qarabağ”ı təbrik etməsinin qəbahəti yoxdur. Bir səbəb Azərbaycan adının uğurlu reklamı, təbliğidirsə, digəri Ağdam təmsilçinin çıxışına görə klublarımızın da maddi mənada irəli düşməsidir. Axı hər dəfə “Qarabağ”ın çıxışına görə UEFA-dan klublarımıza vəsait ödənir. Yerli rəqiblər də Qurban Qurbanovun komandasını təbrik etməklə sanki həm də buna görə “sağ ol” deyirlər. Necə deyərlər - əli əli yuyar, əl də üzü.
Təəəsüf ki, bu dəfə “Kəpəz” “üzünü” vaxtında yumadı. Əvvəlki illərdə “Qarabağ”ı hər uğurunda operativ təbrik edən “sarı-göylər” bu dəfə bir gün susmalı oldular. Nə qədər qəribə görünsə də, Londondan klubunun media və marketinq şöbəsini idarə edən Pərvin Qasımova hərəkətsiz qaldı. DTX tərəfindən həbs olunan Adnan Əhmədzadənin ən yaxın adamı olan “Kəpəz”in İdarə Heyətinin sədri Adil Vəliyevin tələbə yoldaşı “Qarabağ”ın uğurunu sıradan bilib “poster hazırlansın” komandasını vermədi. Halbuki Liverpulun da İngiltərədə yerləşdiyini nəzərə alaraq Qasımovanın daha tez addım atacağını gözləmək olardı. Amma və lakin.
Son nəticədə “Qarabağ” dəstəyə görə Azərbaycan futbol ailəsinə təşəkkür edəndə “Kəpəz”i görmədik. Və bu, ilk dəfə baş verdi. İctimaiyyətin təzyiqi ilə üzləşdikdən sonra geri çəkilmək məcburiyyətində qalan klub rəsmiləri düz bir sutkanın tamamında xala xətrin qalmasın deyə klubun sosial şəbəkəsində “story”də paylaşım etdilər. Amma paylaşımı bir müddət keçmiş sildilər, sonra başqa poster qoydular. “Şef”inin həbsinə görə klubdan üz döndərən Vəliyevin idarəçilik məsələləri üzrə müşaviri Fərman Əlizadəni bu məsələdə hardasa başa düşmək olar. Adamın ən yaxşı dostları “Neftçi”dədi, klubun rəhbərliyində təmsil olunurlar. Güman ki, onlara xoş gəlsin deyə “Qarabağ”ı təbrik etməyə müsbət yanaşmayıb. Əgər doğrudan da, belədirsə, ayıb işdir. Ən azı ona görə ki, özlərini sponsor kimi təqdim edənlər “Kəpəz”ə qara qəpik xərcləməyiblər və UEFA-dan ağdamlılara görə gələcək vəsaiti gözləyirlər ki, borclu olduqları qapıları döysünlər. Az pul deyil, “sarı-göylər” “Qarabağ”a görə təxminən 1,5 milyon manatdan çox irəli düşəcəklər. Bu pul klubun dərdlərinə dərman olacaq, Fərman Əlizadənin üzünü güldürəcək, görəsən, hec olmasa onda belə zəng edib “Qarabağ” rəsmilərinə təşəkkür edəcək? Atalarımız belə vəziyyətlər üçün yaxşı sözlər deyiblər. İlk ağla gələn çörəyi dizinin üstündə olanlarla bağlıdı.
Xəzər