Vicdan yoxsa səbət?

  • Bu gün, 14:33

AFFA, FİFA və UEFA-nın stadionlarda, klubların inzibati binalarında asdığı plakatlarda açıq və birmənalı mesaj var: “Futbolda vicdanlı ol!”

Həmin plakatlarda qara hərflərlə yazılır ki, futbolda ədalətsiz üstünlüklər və ya hədiyyələr qəbul etmək qadağandır. Pul daxil olmaqla hər hansı formada...

Daha sonra qeyd olunur ki, futbol mühitində şübhə yaradan addımlar risklidir, məxfi və ya qeyri-rəsmi münasibətlər isə oyunun təmizliyini sual altına salır. Plakat sadəcə manipulyasiyaya yox demir, etikadan kənar davranışlara da “yox” deyir.

Bu kontekstdə "Kəpəz"in İdarə Heyətinin üzvü Fərman Əlizadənin "Neftçi"nin baş icraçı direktoru Cenk Sümerə dəyəri 2000 manat olaraq göstərilən "Gəncə səbəti" hədiyyə göndərməsi təbii suallar doğurur.

 AFFA-nın özünün təbliğ etdiyi “Integrity” prinsiplərinə görə, burada əsas məsələ hədiyyənin adı yox, yaratdığı təsirdir. Bu hədiyyə şübhə yaradırmı? Futbol ictimaiyyətində sual işarəsi formalaşdırırmı? Futbol mühitində vicdan (vicdanlı davranış) yoxsa səbət (maddi üstünlük) qalib gəlir?

Plakatda son çağırış belədir: “Dərk et. İmtina et. Məlumat ver”

Yəni problemi gör, bu cür hallardan uzaq dur və futbolun xatirinə susma. Üstəlik, həmin plakatda açıq şəkildə qeyd olunur ki, potensial oyun manipulyasiyası və ya korrupsiyasının hər hansı forması barədə dərhal xəbər verilməlidir. Faktın sübutunu gözləmək yox, şübhə yarandığı anda reaksiya vermək tələb olunur. Susmaq, görməzlikdən gəlmək və ya “adi jest” adı altında keçmək bu prinsiplərlə uzlaşmır.

AFFA-nın bu məsələni araşdırması zəruridir. Çünki belə addımlar “adi”, “ənənə”, “hörmət” adı altında normallaşdırılır.

Mirələm HƏSƏNLİ 


Paylaş: