"Qarabağ"a qarşı oynaya bilər
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi “Nyukasl”ın zədəli futbolçularının durumuna aydınlıq gəlib.
Sportlife.az Britaniya mətbuatına istinadən xəbər verir ki, İngiltərə klubu Bakıya ciddi itkilərlə gələcək.
Premyer Liqanın ötən turunda zədələnən kapitan Bruno Gimaraeşin 2 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Müdafiəçilər Tino Livramento, Emil Kraft və yarımmüdafiəçi Lyuis Mayli də Azərbaycan çempionu ilə görüşləri buraxmalı olacaq. Kraft və Mayli hazırda bərpa dövrü keçirlər, Livramento isə martdan tez komandasına kömək edə bilməyəcək.
Bunların fonunda braziliyalı yarımmüdafiəçi Joelinton sıraya dönüb. Baş məşqçi Eddi Hou 29 yaşlı vingerin Bakı səfərində iştirakını istisna etməyib: “Joelinton yanvarda qasıq nahiyəsindən xəsarət almışdı. İndi yaxşı durumdadır, yenidən oynamaq üçün çox çalışır. Bu da bizim üçün əla xəbərdir. Joelinton artıq özünü yaxşı hiss edir və çox pozitivdir”.
Qeyd edək ki, “Qarabağ”la “Nyukasl” arasında ilk oyun fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.