"Biz “Sabah”, “Qarabağ” kimi imkanlı komanda deyilik"
“İmişli” Azərbaycan kubokunun 1/8 final mərhələsində “Sabah”a 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Sportlife.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya oyundan sonra keçirilən mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb.
Portuqaliyalı çalışdırıcı meydançanın hər yerində çox gözəl pressinq etdiklərini bildirib: “Meydanda 2 gözəl komanda var idi. Çox rəqabətli oyun keçdi. İlk hissədə yaxşı “İmişli” var idi. Meydançanın hər yerində çox gözəl pressinq edirdik. İlk hissədə yaxşı çıxış etsək də, qolu tapa bilmədik. “Sabah”ı isə təbrik edirəm. Çox yaxşı ev tapşırığından sonra qapımıza yol tapdılar. Hər iki komanda növbəti mərhələyə layiq idi. Təəssüf ki, bir komanda mübarizəni davam etdirməlidir. Ona görə də “Sabah”ı təbrik edirəm".
Baş məşqçinin sözlərinə görə, komandası son iki matçda məğlub olsa da, rəqabətli, mübarizəli oyunlar keçirib: "Növbəti matçlara hazırlaşacağıq. Keçən konfransda da bildirmişdim ki, oyunçu almaq, komandanı gücləndirmək istəyirik. Amma yanvar transfer pəncərəsi çox çətin keçir. Biz “Sabah”, “Qarabağ” kimi imkanlı komanda deyilik. Çalışacağıq yeni oyunçular transfer edək. Amma çox çətin olacaq”.