"Kəpəz"in İngiltərədəki əməkdaşı kimdir?
Əldə etdiyimiz məlumata görə, “Kəpəz” klubunun media və marketinq şöbəsində Pərvin Qasımova adlı bir xanım çalışır. Lakin bu barədə nə klubun rəsmi saytında, nə də sosial media hesablarında hər hansı rəsmi məlumat əldə edə bildik. Klubun mətbuat xidmətindən yalnız onu öyrəndik ki, Pərvin Qasımova marketinq istiqaməti üzrə fəaliyyət göstərir.
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, “Kəpəz”in İdarə Heyətinin sədri, DTX tərəfindən həbs olunan Adnan Əhmədzənin ölkədəki ən yaxın adamı Adil Vəliyevin qrup yoldaşı olan Pərvin Qasımova hazırda İngiltərədə yaşayır və media ilə bağlı prosesləri uzaqdan, əsasən “WhatsApp” qrupu üzərindən idarə edir.
Maraqlıdır, “Kəpəz”in hazırkı vəziyyətində uzaqdan çalışan media və marketinq rəhbərinə ehtiyac varmı?
Dörd saatlıq vaxt fərqi ilə bu işlərin operativ və səmərəli şəkildə görülməsi nə dərəcədə mümkündür?
Klubun marketinq strategiyası konkret olaraq nədən ibarətdir?
Bu sahədə indiyədək hansı real nəticələr əldə olunub?
Qeyd olunan suallarla bağlı kluba rəsmi sorğu göndərsək də, hələlik hər hansı cavab ala bilməmişik...
Mirələm HƏSƏNLİ