İliçin açıqlamasında gizlənən mesaj

  • Bu gün, 17:31

“Mövsümə yaxşı start verdik, kifayət qədər xal topladıq. Qış fasiləsində müəyyən tələblərim oldu, onlar da alınmadı. Uğursuz nəticələr bununla bağlı ola bilər”.

Bu sözlər “Sumqayıt”ın baş məşqçisi Saşa İliçə məxsusdur. “Karvan-Yevlax”la oyundan sonra keçirilən mətbuat konfransında səslənən bu fikirlər klub daxilində müəyyən fikir ayrılığından xəbər verir.

Mövsümün ilk hissəsində “Sumqayıt” pis təsir bağışlamırdı. Komanda stabil oyun göstərir, turnir cədvəlində iddialı mövqedə qərarlaşaraq avrokuboklar uğrunda mübarizəyə real namizəd kimi görünürdü. Məhz buna görə qış fasiləsi heyətin gücləndirilməsi üçün ideal məqam hesab olunurdu.

İliçin “qış fasiləsində tələblərim oldu” deməsi də böyük ehtimalla bu məsələ ilə bağlıdır. Serbiyalı baş məşqçi Avropa zonasına düşmək üçün heyətin gücləndirilməsini istəyib. Lakin onun dediyinə görə, həmin tələblər yerinə yetirilməyib. Bu isə komandanın son nəticələrinə birbaşa təsir edən amilə çevrilib.

Baş məşqçinin aşağıdakı fikirləri isə vəziyyətin nə qədər həssas olduğunu daha açıq göstərir:

“Mövsümün sonuna hələ vaxt var. Hələ ki davam edirəm. Nə qərar qəbul olunsa, razılaşacam. Mənim müqaviləm onsuz da mövsümün sonuna kimidir. Transferlə bağlı məsələlər məndən asılı deyil”.

Bu cümlələrdə gələcəklə bağlı qeyri-müəyyənlik hiss olunur. İliç açıq şəkildə bildirir ki, transfer siyasəti onun əlində deyil və mövcud heyətlə əldə olunan nəticə faktiki olaraq mümkün maksimumdur.

Başqa sözlə, serbiyalı mütəxəssis demək istəyir ki, komandanın gücü budur və bundan artığını gözləmək çətindir.

Bütün bunların fonunda bir ehtimal getdikcə daha real görünür. Qış fasiləsində istədiyi dəstəyi ala bilməyən İliç mövsümün sonunda “Sumqayıt”la yollarını ayıra bilər. Müqaviləsinin də elə həmin vaxta qədər olması bu versiyanı daha da gücləndirir.

Belə görünür ki, “Sumqayıt”da uğursuz nəticələrin səbəbi qış fasiləsində baş tutmayan planlarda və reallaşmayan gözləntilərdə imiş. İliç isə bunu açıq deməsə də, mətbuat konfransında seçdiyi sözlərlə kifayət qədər aydın şəkildə büruzə verir.

Sportlife.az


Paylaş: