“Sumqayıt”da strateji qəfilləmə

  • Dünən, 14:56

“Sumqayıt” uğursuz seriyanı davam etdirir. Komanda kubok da daxil olmaqla artıq 7 oyundur qələbə qazana bilmir. Son nöqtə isə dünən səfərdə autsayder “Karvan-Yevlax”la heç-heçə oldu.

Matçdan sonra baş məşqçi Saşa İliç deyib ki, klub strategiyanı dəyişib və rəhbərlik akademiya yetirmələrinə daha çox şans verilməsini istəyir. Mövsümün həlledici mərhələsində strategiya dəyişir? Bu nədir belə? Strateji qəfilləmə?

Əgər planlı dəyişiklik idisə, bəs mövsümün əvvəlində edilən transferlər nə idi? Klub prezidenti Riad Rəfiyev niyə 14 legioneri komandaya gətirmişdi? Akademiya siyasəti qurmaq istəyən klub bu qədər legioneri hansı məntiqlə komandaya toplamışdı? İndi nə baş verdi ki, birdən akademiya yada düşdü? Pul qurtardı? Rəfiyev uzun qəflət yuxusundan oyanıb və bunu indi “strategiya dəyişikliyi” kimi təqdim etməyə çalışır?

Nəticələr gəlmədiyi üçün indi məsuliyyəti “gənclərə şans” kimi romantik görünən ifadənin arxasında gizlətmək daha rahatdır?

Mirələm HƏSƏNLİ


Paylaş: