"Hamımız milliyə hörmət etməliyik"
"Şamaxı" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Baku Sportinq"i 1:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib.
Sportlife.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyunun çətin keçəcəyini bilirdik. I Liqa komandaları ilə matçlar həmişə mübarizəli olur. Birinci hissədə bir az passiv olduq. Gəncləri, az oynayan futbolçuları görmək istəyirdik. Onlar üçün da belə templi oyuna girmək çətindir. İkinci hissədə dəyişikliklər etdik. Rəqib yaxşı müdafiə olunurdu. Son matçlarına baxmışdıq. Əsas məqsəd kubokda irəliləməkdir. Ağır qrafikdəyik. "Sumqayıt"la çətin oyunumuz oldu. Bir neçə gün sonra Yevlax səfərinə gedəcəyik. 1/4 final mərhələsi gələn il olacaq. Hazırlaşmaq üçün vaxtımız olacaq.
- Oyunu çox sakit izləyirdiniz. Sanki qələbəyə arxayın idiniz...
- Xeyr, əmin deyildik. Müdafiəni yarmaq lazım idi. Bizim belə oyunlarımız az olur. Çempionatda yadıma gəlmir ki, hansısa rəqibimiz oyunboyu müdafiə olunsun. Uşaqlara bir az sərbəstlik vermişdik. Bu oyunda hər şey ola bilərdi.
- Rəqibin heyətində diqqətinizi çəkən futbolçu oldu?
- I Liqada U-21 millisində çıxış edən futbolçuları tanıyıram. Hətta bəzilərini milliyə dəvət etmək istəmişdim.
- Yerli futbolçuların daha çox oynaya biləcəkləri klublara keçməsinin doğru olduğunu demişdiniz. Dünən Qurban Berdiyev bu məsələ ilə bağlı danışarkən bildirdi ki, Ayxan Abbasovun fikirləri məni narahat etmir. Bu haqda nə deyə bilərsiniz?
- Dünən qərar verdim ki, bu barədə danışmayacağam. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Heç kimə deyə bilmərik ki, kimisə oynatsın. Amma bir şey var ki, biz azərbaycanlıyıq. Bu gün Premyer Liqada azərbaycanlı məşqçilər var ki, klubda belə, millini fikirləşir. Bu, daxildən gəlməlidir. Biz nəyisə deyiriksə, millinin naminə deyirik. Hamımız milliyə hörmət etməliyik.
- Növbəti mərhələdə rəqibinizin "Qarabağ", yoxsa "Karvan-Yevlax" olmasını istəyərdiniz?
- "Karvan-Yevlax"ı istəyərdim.