Ayxan Abbasov: "Neftçi" ehtiyac duymasa, bu futbolçuları biz transfer edəcəyik"

Ayxan Abbasov: "Neftçi" ehtiyac duymasa, bu futbolçuları biz transfer edəcəyik"

  • 7 Fevral 2024, 14:57

"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasovun Sportlife.az saytına müsahibəsi

- Qarşıda "Qəbələ" ilə oyununuz var. Görüşdən nə gözləyirsiniz?

Bu matça sonuncu sırada gedən adi bir komanda ilə duel kimi baxmaq olmaz. Son turlarda hansı nəticələr baş verdiyini görürük. "Qəbələ" yaxşı komandadır. Sonuncu pillədən qurtulmaq istəyir. Bizim üçün çətin olacaq. Amma ev oyunlarındakı üstünlüyümüzü qorumaq istəyirik.

- Qışdan sonra komandanın durumunu necə dəyərləndirirsiniz? Sizcə, "Turan Tovuz" yüksəlişdədir, yoxsa stabil davam edir?

3 oyuna 4 xal qazanmışıq. Fasilədən sonra ilk görüşdə də xal qazana bilsəydik, bizim üçün ən yaxşı nəticələrdən ola bilərdi. Amma orada da müəyyən problemlər oldu. Oyuna yaxşı başlasaq da, 10 nəfər qaldıq. Daha sonra evdə "Səbail" kimi komandaya qalib gəldik. Bizi məğlub etsəydilər, çətin duruma düşərdik. Yuxarı pillələrlə xal fərqimiz o qədər çox deyil. Belə fasilədən sonrakı çıxışımızı normal hesab edirəm. Amma əsas sonunu gətirməkdir.

- Transfer pəncərəsinin bağlanmasına çox az vaxt qalıb. Yeni oyunçular görəcəyik komandada?

3 futbolçu heyətə qatmışıq. Axtarışlarımız davam edir. Elə oyunçular lazımdı ki, komandaya faydalı olsunlar. Hələlik aldığımız futbolçularla davam edirik. Yeni ad yoxdur. Bir-iki oyunçuyla danışdıq, onları da gətirə bilmədik. Bu oyunçuların adlarını çəkə bilmərəm. Demək olar ki, bağlamışıq transferi. Həm də qışda çətindir futbolçu almaq. İstədiyin səviyyədə oyunçu tapa bilmirsən.

- İsmayıl Zülfüqarlı ilə Fərid Yusifli icarə əsasında heyətə cəlb edilib. Onların birdəfəlik transferi gündəmdədir?

Bu barədə "Neftçi" ilə danışıqlarımız davam edir. Əgər "Neftçi" ehtiyac duymasa, bu futbolçuları biz transfer edəcəyik. Təbii ki, bunlar yayda bilinəcək. İndi bu barədə danışmaq tezdir.

- Budaq Nəsirova şans versəniz də, bundan istifadə edə bilməd. Onun barəsində nə deyə bilərsiniz?

Biz onu futbola qaytarmaq istəyirdik. Budağa 4 ildən sonra şans verdik. Formasını da bərpa edirdi. Ancaq bizdə əsas nizam-intizamdır. Əvəzedicilərin oyununda etdiyi hərəkət qəbuledilməzdir. Komanda yoldaşına qarşı belə davranış olmaz. Biz də məsləhət gördük ki, özünə başqa klub tapsın. Deyəsən, "Karvan"la razılaşıb. 

- Oyunların yenidən günorta saatlarında keçirilməsi sizə çətinlik yaradır azarkeş baxımından?

Heç bir çətinlik yoxdur. Stadionda da işlər davam edir. Yaxın günlərdə həll ediləcək. Yəqin ki, havalar isinənə qədər problem aradan qaldırılacaq.

Hidayət Qurbanov


Paylaş: